Bakı. Trend:
“Windows 11” əməliyyat sisteminin artıq uzun müddət satışda olmasına baxmayaraq, fərdi kompüter istifadəçilərinin az qala yarısı hələ də “Windows 10”dan istifadə edir.
Trend “Computer World” nəşrinə istinadən xəbər verir ki, fərdi kompüter bazarındakı tendensiyalar barədə ABŞ-nin aparıcı kompüter istehsalçıları olan “Dell” və “HP” şirkətlərinin rəhbərləri telefon konfransında müzakirə aparıblar.
Tərəflərin gəldiyi qənaətə görə, dünyadakı kompüterlərin təxminən 50 faizi hələ də oktyabrda texniki dəstəyi rəsmi olaraq dayandırılacaq “Windows 10”la işləyir. Analitik “Statcounter” də oxşar rəqəmlər təqdim edir: əgər bu məlumatlar doğrudursa, milyonlarla, hətta milyardlarla insan hələ də “Windows 10”dan istifadə edir.
“Biz əvvəlki illərin göstəricilərindən geri qalırıq”, - deyə HP şirkətinin rəhbəri Enrike Lores istifadəçilərin yeni "Windows" versiyasına keçid prosesini şərh edərkən bildirib.
Onun sözlərinə görə, kiçik və orta bizneslər "Windows11"-ə keçməkdən imtina edir – ya yeni kompüter almaq zərurəti, ya da yeni funksiyaların olmaması səbəbindən.