Ağbənd. Trend:
Artan ticarət əlaqələri Orta Dəhlizin strateji rolunu daha da gücləndirir və bu marşrut üzrə yükdaşımaların həcmi ildən-ilə artmaqdadır.
Trend-in Zəngilan rayonuna ezam olunmuş müxbirinin məlumatına görə, bunu “Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev jurnalistlərə açıqlamasında bildirib.
O, beynəlxalq maliyyə qurumlarının sözügedən dəhliz üzrə proqnozlarını diqqətə çatdırıb: "Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) proqnozlarına əsasən, 2030-cu ilə qədər Orta Dəhliz üzrə daşımaların həcmi 11 milyon tona, 2040-cı ilə qədər isə konteyner tutumu 865 min TEU-ya yüksələcək. Bu baxımdan, Orta Dəhlizin mühüm qolu olan Zəngəzur dəhlizinin açılması xüsusi əhəmiyyət kəsb edir".
Qurumun sözçüsü vurğulayıb ki, Zəngəzur dəhlizinin illik yükdaşıma potensialı təxminən 15 milyon ton həcmində qiymətləndirilir: "Bu göstərici dəhlizin həm Orta dəhliz, həm də Şimal–Cənub nəqliyyat marşrutları üçün əhəmiyyətli əlavə dəyər yaratdığını göstərir və Azərbaycanın tranzit imkanlarının genişlənməsinə xidmət edir.
Eyni zamanda Zəngəzur dəhlizi mövcud marşrutlara alternativ yaradır və yüklərin diversifikasiya olunaraq müxtəlif istiqamətlərə daşınmasını təmin edir. Bu, regionun tranzit imkanlarını genişləndirir, Azərbaycanı isə Orta dəhliz üzrə daha güclü logistika qovşağına çevirir".
B. Hacıyev qeyd edib ki, Zəngəzur dəhlizi təkcə Orta dəhlizin deyil, həm də Şimal–Cənub nəqliyyat dəhlizinin mühüm tamamlayıcı hissəsi kimi çıxış edir.
"Hindistan və İrandan gələn yüklərin Azərbaycan üzərindən şimal istiqamətinə daşınmasında bu dəhliz əlavə imkanlar yaradır. Belə ki, İrandan daxil olan yüklər Naxçıvan üzərindən Türkiyəyə, oradan isə Şimali Avropaya yönləndirilə bilər", - deyə B. Hacıyev fikrini yekunlaşdırıb.