Ağbənd. Trend:
Horadiz–Ağbənd dəmir yolu tikintisinin 2026-cı ildə tam başa çatdırılması planlaşdırılır.
Trend-in Zəngilan rayonuna ezam olunmuş müxbirinin məlumatına görə, bunu “Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Zəngəzur dəhlizinin reallaşdırılması məqsədilə Azərbaycan dövləti tərəfindən Horadiz–Ağbənd dəmir yolunun tikintisi aparılır: "Layihənin 2026-cı ildə tam başa çatdırılması planlaşdırılır.
Horadiz-Ağbənd dəmir yolu xəttinin ümumi uzunluğu 110,4 km (yan yollarla birlikdə 140,6 km) təşkil edir və marşrut boyunca Horadiz, Yuxarı Mərcanlı, Şükürbəyli, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz və Ağbənd stansiyalarının inşası nəzərdə tutulub".
Qurumun sözçüsü vurğulayıb ki, dəmir yolu xəttinin layihələndirilməsi işləri 84, tikinti-quraşdırma işlərinin 67 faizi başa çatdırılıb: "Ox üzrə uzunluğu 110,4 km olan dəmir yolu xəttinin təhkim zolağı və xüsusi mühafizə zonası boyunca ümumilikdə eni 60 metr olan ərazilərin minadan təmizlənməsi işləri başa çatdırılıb, əlavə genişlənmələrin tələb olunduğu hissəslərin isə minadan təmizləməsi işləri davam etdilir. Eyni zamanda dəmir yolu xəttinin 72-82 km hissəsində yolun oxunun dəyişdirilməsi səbəbindən minatəmizləmə işləri təkrar olaraq yerinə yetirilib".
"Horadiz-Ağbənd dəmir yolu xəttinin ox üzrə 75,6 km, yan yollarla birlikdə isə 87 km hissəsində rels-şpal çərçivələri qoyulub, həmçinin 65,6 km hissəsinə isə uzunölçülü relslərin quraşdırılması işləri tam şəkildə başa çatdırılıb", - deyə B. Hacıyev fikrini yekunlaşdırıb.