Ağbənd. Trend:
Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolunda işlər 2026-cı ilin yazında tamamlanacaq.
Trend-in Zəngilan rayonuna ezam olunan əməkdaşı xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Avtomobil Yolları Dövlət Agentliyinin İnvestisiya idarəsinin rəis müavini İlham Süleymanov deyib.
O bildirib ki, Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolunun ümumi uzunluğu 123,6 kilometrdir və bu yol birinci texniki dərəcəyə uyğun layihələndirilib: "Hərəkət hissəsinin eni 14-21 metr arasında dəyişir. Yolun 78 kilometrlik hissəsi 6 cərgəli, qalan 45,6 kilometrlik hissəsi 4 cərgəli olaraq inşa edilib. Yolun üzərində 28 ədəd körpü tikilib. Bunların 16-ı su keçidlərinin üzərində inşa olunub, qalanı isə yol ötürücüdür".
"Yolun üzərində 8 ədəd qovşaq və ümumi uzunluğu 12 kilometrdən bir qədər artıq olan 3 ədəd tunel inşa edilib. Hazırda avtomobil yolunda işlərin fiziki tərəqqisi 95% təşkil edir", - deyə İ.Süleymanov qeyd edib.