Bakı. Trend:
Esseks qraflığının Eppinq şəhərində yerləşən “The Bell” hotelində sığınacaq axtaranların yerləşdirilməsi ilə bağlı davam edən etirazlar zamanı gərginlik yenidən artıb.
Trend “Sky News”a istinadən xəbər verir ki, cümə gecəsi hotel qarşısına fişəng atılması ilə bağlı bir nəfər hücumda şübhəli bilinərək polis tərəfindən saxlanılıb.
Polisin yaydığı videoda üzünü örtmüş bir şəxsin hotel qarşısında dəmir baryerlərin üzərindən bir neçə fişəng atdığı əks olunub.
Esseks polisi həmin gecə saat 06:00-dək qüvvədə qalmaqla şəhərin bütün ərazisini əhatə edən dispersiya əmri tətbiq edib. Bu qərar polislərə ictimai asayişi pozan və ya pozmağa hazırlaşan şəxsləri ərazidən uzaqlaşdırmaq və əmrlərə tabe olmayanları həbs etmək səlahiyyəti verir.
Son aylarda hoteldə yerləşdirilən sığınacaq axtaranlarla bağlı etirazlar və iğtişaşlar davam edir. Hadisələrdən biri zamanı hotelin bir sakini 14 yaşlı qıza seksual hücum etmişdi ki, bu da narazılıqları daha da artırıb.
İndiyədək hotel yaxınlığında 30-dan çox şəxs saxlanılıb, onlardan 21-i polis əməkdaşına hücum və zorakı iğtişaş da daxil olmaqla müxtəlif ittihamlarla məhkəməyə verilib. Son saxlanılma isə bu həftənin əvvəlində etirazçılar üçün müəyyən edilmiş qaydalara əməl etməyən iki nəfərin məhkəməyə verilməsindən sonra qeydə alınıb.