...

COP for Hope: Ümid edirik ki, COP29 iqlim diplomatiyasında irəliləyişə çevriləcək — “GLOBE”un baş icraçı direktoru (ÖZƏL MÜSAHİBƏ) (FOTO)

Yaşıl iqtisadiyyat Materials 22 Noyabr 2024 16:07 (UTC +04:00)
COP for Hope: Ümid edirik ki, COP29 iqlim diplomatiyasında irəliləyişə çevriləcək — “GLOBE”un baş icraçı direktoru (ÖZƏL MÜSAHİBƏ) (FOTO)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.

Budəfəki müsahibimiz “GLOBE” Təşkilatının baş direktoru Malini Mehradır.

Malini Mehra COP29 çərçivəsində Trend-ə özəl müsahibəsində BMT-nin iqlim prosesi çərçivəsində dünya qanunvericilərinin əsas rolunu vurğulayıb və bu tədbiri parlament üzvləri və onların seçiciləri üçün diqqət mərkəzi adlandırıb.

"İl ərzində biz parlament üzvlərinin COP prosesini, iqlim dəyişikliyinin əhəmiyyətini və bu prosesdə necə iştirak edə biləcəkləri barədə məlumatlılığı artırmaq üçün Monqolustandan Malaviyə qədər bütün dünyada maarifləndirmə işləri aparırıq.

COP-dakı əsas mesajımız budur ki, konfransların nəticə verməsini təmin edən məhz parlamentlərdir. Burada gördüyünüz insanlar icraedici hakimiyyətin nümayəndələridir. Amma daha iki hakimiyyət qolu var — qanunvericilik və məhkəmə. Parlamentlərin rolu olduqca vacibdir, çünki onlar üç əsas funksiyanı yerinə yetirirlər. Birinci — bu razılaşmalardan irəli gələn hüquqi çərçivələrin yaradılmasıdır", — deyə o qeyd edib.

M.Mehra qeyd edib ki, ikincisi, parlamentarilər nəzarətin həyata keçirilməsində əsas rol oynayırlar.

"Onlar beynəlxalq konfranslar çərçivəsində üzərlərinə götürülən öhdəliklərin yerinə yetirilməsinə cavabdeh olan hökumətlərin işinə nəzarət edirlər. Üçüncü və ən vacib funksiya isə maliyyə ilə bağlıdır. COP29 maliyyə COP-udur. Parlamentlər büdcələri idarə edir və təsdiqləyirlər. Burada onların rolunun ən vacib tərəfi üzə çıxır — vəsaitlərin istifadəsinə nəzarət. Bu, donor ölkələrin dövlət pullarının — yəni vergi ödəyicilərinin vəsaitlərinin — alıcı ölkələrdə necə istifadə olunduğunu effektiv şəkildə izləməsi üçün vacibdir. Əsas məsələ bu vəsaitlərin, həqiqətən, nəzərdə tutulduğu şəxslərə fayda verməsidir.

Bundan əlavə, əgər siz iqlim maliyyələşməsi, yardım və ya investisiya alan bir ölkənin parlament üzvüsünüzsə, sizin əsas məsuliyyətiniz bu vəsaitlərin məqsədyönlü istifadəsini izləməkdir.

Nəhayət, parlamentlərin hökumətlərinə konkret fəaliyyətlərin razılaşdırılması üçün mandat vermələri kritik əhəmiyyət kəsb edir. Məhz bu məsələdə ən böyük çətinliklər ortaya çıxır. Bütün hökumətlər konfransa konkret hədəflərə nail olmaq üçün parlament mandatı ilə gəlmir. Bu, qərar qəbul etmə prosesini əhəmiyyətli dərəcədə çətinləşdirir, çünki onlar öz ölkələrinə qayıtdıqdan sonra mövqelərini müdafiə etmək məcburiyyətində qalırlar. Buna görə də parlamentlərin bu prosesdə rolu əvəzedilməzdir", — deyə o vurğulayıb.

“GLOBE”un baş direktoru COP29-un təşkilati səviyyəsini yüksək qiymətləndirib.

"Məncə, uğur göstəricisini iki aspektdə ayırmaq vacibdir: ev sahibi ölkənin uğur göstəricisi və danışıqların özünün uğur göstəricisi. Əgər mənim meyarlarımla qiymətləndirsək, Azərbaycan qürur duymaq üçün bütün əsaslara malikdir. O, danışıqlar aparıcılarına işlərini rahat və qarşılıqlı hörmət çərçivəsində həyata keçirmək və iştirakçılar arasında təcrübə mübadiləsi üçün mükəmməl şərait yaradan peşəkar COP təşkil etməklə əlamətdar bir nailiyyətə imza atdı. Logistika və peşəkarlıq baxımından bu, müstəsna bir uğur kimi qiymətləndirilə bilər.

Lakin danışıqlar prosesi çox daha mürəkkəbdir. Konfransın sədrinin öz prioritetləri var, lakin onların həyata keçirilməsi yalnız ondan asılı deyil. Bu zaman bütün tərəflərin əməkdaşlığı və qarşılıqlı fəaliyyəti əsas rol oynayır. Buna nail olmaq asan deyil, lakin hamını qane edən hədəfə çatmasaq belə, COP29 yenə də irəliləyiş kimi qiymətləndiriləcək", — deyə M.Mehra qeyd edib.

M.Mehra, həmçinin, COP28, COP29 və COP30 sədrliklərini birləşdirən "Troyka" təşəbbüsünün əhəmiyyətini xüsusi vurğulayıb və onu dahi bir addım adlandırıb.

"Əvvəllər hər COP konfransında sədrliyin növbəti ölkəyə qeyri-formal şəkildə ötürülməsi prosesi mövcud idi. Bu proses ikitərəfli xarakter daşıyırdı. Lakin "Troyka" təşəbbüsünün rəsmi şəkildə formalaşdırılması gündəliklərin birləşdirilməsi baxımından əhəmiyyətli addım oldu. İndi Dubay COP-u çərçivəsində qaldırılan əsas məsələlərin davamlılığını görürük, məsələn, metan emissiyalarının azaldılması, qalıq yanacaqdan kənara keçid, eləcə də, səhiyyə və kənd təsərrüfatı kimi mühüm mövzular üzərində işin davam etdirilməsi.

"Troyka" çərçivəsində sədrliyin strukturu bütün bu mövzuların kompleks şəkildə həllini təmin edir. Bu, çoxsəviyyəli və çoxsektorlu yanaşmaları əhatə edən son dərəcə vacib təşəbbüsdür ki, bu da bütün tərəflərin prosesə cəlb olunmasına kömək edir. Bundan əlavə, belə bir struktur diplomatik prosesə əhəmiyyətli dəstək verir. Təkcə bir ölkənin üzərinə məsuliyyətin düşməsi əvəzinə, üç ölkə birlikdə işləyərək, həm planet, həm də ən həssas təbəqələr üçün uğurlu nəticəni təmin etməyə çalışır", — deyə M.Mehra vurğulayıb.

Sonda M.Mehra iqlim böhranı ilə mübarizədə parlamentlərin əsas rolunu vurğulayıb.

“GLOBE” bu prosesdə öz iştirakını ən əvvəldən — 1991-ci ildən, Rio Yer Sammitindən əvvəlki dövrdən etibarən davam etdirir. Biz iqlim konvensiyasının yaranmasının və inkişafının şahidi olmuşuq. Lakin qanunvericilər bu məsələyə hər zaman lazımi diqqət yetirməyiblər. İndi isə aktiv tədbirlər görməyin vaxtıdır.

Gələn həftə iclasda olan parlamentlər dinləmələr təşkil etməlidirlər. Onlar nümayəndə heyətlərinin rəhbərlərini və müvafiq nazirləri konfransda əldə etdikləri nəticələr barədə hesabat verməyə dəvət etməlidirlər. Bu, parlament nəzarəti prosesində ilk addım olacaq.

Bundan sonra parlamentlər gələn il Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin (NDC) 3.0 versiyasının hazırlanması və həyata keçirilməsində mühüm rol oynayacaqlar. Bu planlar iqtisadiyyatın bütün sahələrini — istər əczaçılıq, istərsə də qalıq yanacaq sektorlarını əhatə etməlidir.

Parlamentlər gələn il üçün iddialı iqlim strategiyalarının qiymətləndirilməsi, yenidən nəzərdən keçirilməsi və hazırlanmasında aktiv iştirak etməli və dayanıqlı gələcəyə keçidi təmin etməlidirlər", — deyə M.Mehra vurğulayıb.

X: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti