Bakı Trend:
Qırğızıstan Prezidenti Sadır Japarov 1 iyul 2025-ci ildən etibarən ölkədə elektron siqaretlərin idxalına, satışına və istifadəsinə qadağa qoyulmasını nəzərdə tutan qanunu imzalayıb.
Trend xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
"Qırğızıstan Prezidenti Sadır Japarov "Qırğız Respublikası vətəndaşlarının sağlamlığının qorunması sahəsində bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi haqqında" sənəd imzalayıb", - deyə məlumatda bildirilir.
Qeyd olunub ki, bu sənədə Qırğız Respublikasının "Tütün, nikotin məhsullarının istifadəsi və ətraf mühitdəki tütün tüstüsünün və aerozolun təsirindən vətəndaşların sağlamlığının qorunması haqqında" qanununa, Qırğız Respublikasının inzibati xətalar kodeksinə, cinayət və cinayət-prosessual məcəlləsinə dəyişikliklər daxildir
Qanun çərçivəsində 1 iyul 2025-ci ildən Qırğızıstanda elektron siqaretlərin idxalına, satışına və istifadəsinə qadağa tətbiq ediləcək.
Qanuna əsasən, elektron siqaret çəkən fiziki şəxslər üçün 10 min som (115 dollar), hüquqi şəxslər üçün isə 60 min som (690 dollar) cərimə nəzərdə tutulub. Elektron siqaretlərin satışına görə cərimə fiziki şəxslər üçün 20 min som (230 dollar), hüquqi şəxslər üçün isə 65 min som (750 dollar) olacaq.
Bundan əlavə, elektron siqaretlərin qanunsuz idxalına görə islah işləri və ya 100-120 min som (1 380 dollara qədər) məbləğində cərimə nəzərdə tutulur. Əgər elektron siqaretlər böyük və ya çox böyük həcmdə idxal olunarsa, bu halda 200 min som (2 300 dollar) məbləğində cərimə və ya 1 ildən 2 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq ediləcək.