Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti və qoşun xidmətinin təşkili təhlil olunub.
Trend xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin xidməti müşavirəsində qeyd olunub.
Bildirilib ki, müdafiə naziri Zakir Həsənov qoşunların döyüş qabiliyyətinin daha da yüksəldilməsi, ayıq-sayıqlığın artırılması, eləcə də döyüş növbətçiliyinin düzgün təşkil olunması ilə bağlı müvafiq göstərişlər verib.
Şəxsi heyətin bilik və bacarıqlarının təkmilləşdirilməsi, peşəkarlığının artırılması məqsədilə müxtəlif qoşun növlərinin cəlb olunması ilə keçirilən təlimlərin, müsabiqə və yarışların, eləcə də hərbi vəzifəlilərin təlim toplanışlarının intensivliyinin və keyfiyyətinin daha da artırılmasının vacibliyi qeyd olunub.
Təhsil sahəsində həyata keçirilmiş tədbirlərin müsbət nəticələrini qeyd edən müdafiə naziri bölmələrin yüksək bilik və bacarıqlara malik, peşəkar heyətlə komplektləşdirilməsi istiqamətində görülən işlərlə bağlı aidiyyəti üzrə konkret tapşırıqlar verib.
Daha sonra qış mövsümü tədbirlərinin gücləndirilməsinin, xüsusilə dağlıq ərazilərdə, sərt iqlim şəraitində yerləşən bölmələrdə ərzaq, əşya, yanacaq, odun ehtiyatının normalara uyğun saxlanmasının, şəxsi heyətin sağlamlığına diqqət yetirilməsinin, mövsümi xəstəliklərdən qorunma və isti geyimlə təmin edilməsinin zəruriliyi bildirilib.
Nazir Ali Baş Komandanın müvafiq tapşırıqlarına əsasən şəxsi heyətin xidməti və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlərin plana uyğun davam etdirilməsi ilə bağlı göstərişlər verib.
General-polkovnik Z.Həsənov qoşun xidmətinin təşkilinə, şəxsi heyətin döyüş hazırlığı və fərdi peşəkarlığına xüsusi diqqət yetirilməsi ilə bağlı aidiyyəti şəxslər qarşısında konkret tapşırıqlar qoyub.
Sonda müdafiə naziri döyüş növbətçiliyinin aparılması, eləcə də gündəlik xidməti fəaliyyət zamanı təhlükəsizlik qaydalarına ciddi riayət olunması və şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin hər zaman yüksək səviyyədə saxlanılması barədə müvafiq göstərişlər verib.