Bakı. Trend:
İspaniya hökuməti hərbi əməliyyatlarla bağlı risklərlə mübarizə aparmaq üçün ilk konkret milli mülki müdafiə planını hazırlayır.
Trend-in məlumatına görə, bu barədə "20 Minutos" və "La Razon" nəşrləri mənbələrə istinadən bildiriblər.
Qeyd olunub ki, sənədin hazırlanmasına Ukraynadakı münaqişədə gərginliyin artması, xüsusən də Rusiyadakı hədəflərə Qərbin uzaqmənzilli silahları ilə zərbə endirməyə icazə verilməsi səbəb olub.
Mənbələr "20 Minutos"a bildiriblər ki, mümkün hərbi münaqişə vəziyyətində təlimatların yaradılması təşəbbüsü mülki müdafiə üzrə ikinci milli strategiyanın bir hissəsidir.
Bildirilib ki, planın hazırlanmasında İspaniyanın Mülki Müdafiə Milli İdarəsinin və Daxili İşlər Nazirliyinin əməkdaşları da iştirak edirlər. Yekun məqsəd əhalini hərbi münaqişə ilə bağlı risklər zamanı görülməli olan təxmini tədbirlər toplusu ilə təmin etməkdir.