...

AYİB COP29-da "yaşıl" maliyyələşdirmədə özəl sektorun rolunu müzakirəyə çıxarır

İqtisadiyyat Materials 21 Noyabr 2024 16:14 (UTC +04:00)
AYİB COP29-da "yaşıl" maliyyələşdirmədə özəl sektorun rolunu müzakirəyə çıxarır
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) iqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi sahəsində sistemli dəyişiklikləri təşviq etmək məqsədilə "yaşıl" maliyyələşdirmə strategiyasını yenidən nəzərdən keçirir.

Trend xəbər verir ki, bu barədə AYİB-in müstəqil qiymətləndirmə departamentinin baş meneceri Teo Sends COP29 çərçivəsində Asiya İnfrastruktur İnvestisiyaları Bankı (AİİB) tərəfindən təşkil edilən panel müzakirəsində çıxışında bildirib.

Sessiya zamanı dəqiq məlumatların iqlim maliyyələşdirilməsi üçün effektiv strategiyaların hazırlanmasına necə töhfə verə biləcəyi müzakirə edilib.

T.Sends vurğulayıb ki, AYİB-in yeni strategiyası "yaşıl" maliyyələşdirmənin fəaliyyətə inteqrasiyasından sistemli yanaşmaya keçidi nəzərdə tutur.

"Biz yalnız maliyyələşdirmənin birbaşa nəticələrinə deyil, digər iştirakçıların, xüsusilə özəl sektorun "yaşıl" investisiyalar cəlb etməsi üçün imkanlar yaratmağa da diqqət yetiririk", – deyə o bildirib.

Təxminlərə görə, AYİB-in maliyyələşdirilməsi, bankın fəaliyyət göstərdiyi ölkələrdəki iqlim maliyyələşdirilməsi tələblərinin cəmi 2 faizini əhatə edir, qalan 98 faiz isə özəl investisiyalar hesabına təmin edilməlidir.

"Bizim vəzifəmiz yalnız töhfəmizi maksimuma çatdırmaq deyil, həm də əlavə investisiyaların cəlb edilməsi üçün şərait yaratmaqdır", – deyə T.Sends qeyd edib.

O, əsas alətlər arasında siyasi dialoq, əlverişli şəraitin yaradılması və bazarda etimadın gücləndirilməsini vurğulayıb. Bu, özəl sektoru daha fəal iştirak etməyə stimullaşdıracaq.

T.Sends, həmçinin, AYİB-in təşəbbüslərinin sistemli təsirini qiymətləndirmədəki çətinliklərə toxunub. Günəş elektrik stansiyaları kimi layihələrin CO2 emissiyalarını birbaşa azaltması asan ölçülə bilsə də, bu investisiyaların investorların etimadı və bazarların qavrayışı üzərindəki təsirini qiymətləndirmək daha çətindir.

"Əsas sual budur ki, bizim investisiyalarımız Özbəkistan, Azərbaycan, İordaniya və Gürcüstan kimi ölkələrdə investorların münasibətini necə dəyişir? Biz çoxsahəli inkişaf banklarının iştirakından asılı olmayaraq, işləyə biləcək bazarların inkişafı üçün şərait yaradırıqmı?" – deyə o bildirib.

O, qiymətləndirmənin vaxtında aparılmasının vacibliyini də qeyd edib. Sendsin sözlərinə görə, sistemli dəyişikliklər vaxt tələb edir və yeni strategiyaların hazırlanmasında bu balansı qorumaq çətindir.

"Biz faydalı nəticələr əldə etməklə obyektiv nəticələr almaq arasındakı balansı daim axtarırıq", – deyə o əlavə edib.

AYİB bu çətinliklərin öhdəsindən gəlmək üçün realist nəticələrə diqqət yetirir və sistemli dəyişiklikləri təşkilatın daxili prosesləri ilə əlaqələndirir. T.Sends vurğulayıb ki, layihələrin hazırlanmasının erkən mərhələlərində və qərar qəbul etmədə sistemli yanaşmanı nəzərə almaq vacibdir.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti