Bakı. Trend:
ABŞ ordusu İranın Fordo nüvə obyektinə endirilən zərbəni İsrail Müdafiə Ordusu (SAXAL) ilə koordinasiyalı şəkildə həyata keçirib, lakin əməliyyatın təşəbbüskarı birbaşa ABŞ olub.
Trend xəbər verir ki, bu barədə SAXAL-ın nümayəndəsi Avixay Edri məlumat yayıb.
"Fordo obyektinə atəş açılması ABŞ ordusunun əməliyyatı idi. Şübhəsiz ki, bu, İsrail Müdafiə Ordusu ilə koordinasiya çərçivəsində həyata keçirilib, lakin əməliyyat tam şəkildə ABŞ-yə məxsusdur", - deyə o bəyan edib.
Xatırladaq ki, İsrail 13 iyun gecəsi İrana qarşı hərbi əməliyyata başlayıb. Təxminən bir sutkadan sonra İran cavab zərbələri endirib. Sonrakı günlərdə də tərəflər qarşılıqlı olaraq bir-birini atəşə tutmağa davam ediblər. İyunun 22-də ABŞ də münaqişəyə qoşularaq İsfahan, Fordo və Natanzdakı nüvə obyektlərini bombalayıb. İyunun 23-də Tehran ABŞ-nin Yaxın Şərqdə ən böyük hərbi hava bazası olan Qətərdəki "Əl-Udeyd" bazasına raket zərbəsi endirib. Daha sonra ABŞ Prezidenti Donald Tramp İsrail və İranın atəşi tamamilə dayandırmağa razılaşdıqlarını bəyan edib. İyunun 24-də atəşkəs qüvvəyə minib.