Bakı. Trend:
Türk İnvestisiya Fondu (TIF) uzunmüddətli perspektivdə Orta Dəhlizdə “möhkəm” infrastrukturun yaradılması layihələrinin reallaşdırılmasına töhfə verməyi planlaşdırır.
Trend xəbər verir ki, bunu TIF prezidenti Bağdad Əmrayev İstanbulda keçirilən Qlobal Nəqliyyat Əlaqəliliyi Forumunda çıxışı zamanı deyib.
O qeyd edib ki, Orta Dəhliz tədricən mərkəzi ticarət marşrutuna çevrilir və region ölkələrinin hökumətləri nəqliyyat və logistika infrastrukturunun inkişafına yatırımlarını artırır.
“Bu milli səylər regional əlaqələndirməyə və daha geniş beynəlxalq əməkdaşlığa inteqrasiya olunmalıdır ki, marşrut qlobal sərhədlərarası ticarət üçün daha sabit və rəqabətə-davamlı alternativə çevrilsin”, – deyə o vurğulayıb.
TIF-in strateji fəaliyyət istiqamətlərindən danışan Əmrayev bildirib ki, türk dövlətləri arasında iqtisadi inteqrasiyanın və qarşılıqlı əlaqəliliyin dəstəklənməsi Fondun əsas hədəflərindən biridir. Onun sözlərinə görə, yaxın illərdə TIF regional əlaqəliliyin gücləndirilməsinə yönəlmiş səyləri dəstəkləmək məqsədilə həm dövlət, həm də özəl sektorlarla tərəfdaşlıqların təşviqi və birgə maliyyələşdirmə imkanlarına fokuslanacaq.
TIF prezidenti əlavə edib ki, ilkin mərhələlərdə Fond Orta Dəhlizdə “yumşaq əlaqəlilik” tədbirlərinin həyata keçirilməsinə dəstək verə bilər və gələcəkdə “möhkəm” infrastruktur layihələrində də iştirak edə biləcəyinə ümid edir.
Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən, Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət yoludur. Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.
Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək, Avropaya çatır. Orta Dəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa ilə birləşdirən, daha uzun dəniz yollarından yan keçərək quru yolu təklif edir.