Bakı. Trend:
İyun ayının 27-si səhər saatlarında hüquq-mühafizə orqanları eyni vaxtda azərbaycanlıların yaşadığı ondan çox mənzildə axtarışlar apardılar. Bu mənzillər arasında Ağdamdan olan Səfərovlar ailəsinin üzvlərinin yaşadığı evlər də olub. Əməliyyat zamanı iki qardaş - Ziyəddin və Hüseyn Səfərovlar öldürülüb, bir neçə nəfər isə xəstəxanaya yerləşdirilib.
Hadisədən dərhal sonra Rusiya informasiya məkanında sağlam olmayan, ksenofobik çalarlar daşıyan müzakirələr başlandı. Xüsusilə, Rusiya Dövlət Duması sədrinin müavini Pyotr Tolstoy azərbaycanlılara qarşı “daha sərt tədbirlərin görülməsini” təklif etdi və Azərbaycanın hadisəyə reaksiyasını “Rusiyanın daxili işlərinə müdaxilə” adlandırdı. Tolstoy bildirdi ki, Rusiya “lazım bildiyi kimi hərəkət etməkdə sərbəstdir” və Azərbaycan “öz şərtlərini diktə etmək hüququna malik deyil”.
Birincisi, onun şərhlərində “qondarma Azərbaycan diasporu” ifadəsi özlüyündə laqeyd münasibətdən xəbər verir.
İkincisi, əməliyyatın “qanuni tədbir” olduğu iddia olunur, Rusiyanın səfirinin Azərbaycan XİN-ə çağırılması isə “qırmızı xəttin keçməsi” adlandırılır. Halbuki söhbət Azərbaycan vətəndaşlarından gedir. Deməli, Bakı onların maraqlarını qorumaq hüququna tam şəkildə malikdir.
Bir sıra əsaslı suallar ortaya çıxır. Niyə əməliyyat bu qədər qəddarlıqla həyata keçirildi? Səhər saat 5-də, 24 il əvvəlki cinayətdə ittiham olunan şəxslərə qarşı silah tətbiq olunaraq. İki qardaşın öz evində öldürülməsi və saxlanılanların döyülməsi silahlı müqavimətlə əsaslandırılırdımı? Eyni vaxtda 50 nəfərin evində axtarış aparılmasının səbəbi nə idi? Bu əməliyyat doğrudan da istintaq maraqlarına xidmət edirdi, yoxsa sadəcə güc nümayişi və qorxutma tədbiri idi?
Tolstoy bildirir ki, saxlanılanlar Rusiya vətəndaşlarıdır və “Moskva onlarla istədiyi kimi rəftar etmək hüququna malikdir”. Ancaq bu açıqlama Rusiyanın özünün xarici siyasət praktikasına ziddir. Axı Rusiya başqa ölkələrdə rusdilli əhalinin müdafiəçisi rolunda çıxış edir. Hətta Ukrayna ərazilərinin işğalını da məhz bu arqumentlə əsaslandırıb – guya soydaşlarını qoruyur. Bəs niyə Rusiya öz vətəndaşlarını xaricdə qorumağı normal sayır, amma Azərbaycanın öz vətəndaşlarını – Rusiyada yaşayanları – qorumaq hüququnu tanımır?
Azərbaycanı Fransayla və Almaniyayla müqayisə etmək isə xüsusilə riyakarcasına görünür. Bu ölkələr rəsmi Moskva tərəfindən “qeyri-dost dövlətlər” adlandırılır. Halbuki Azərbaycan MDB-nin üzvü, 2022-ci ildə Rusiya ilə müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə imzalamış tərəfdaş ölkədir. Necə olur ki, bir müttəfiq ölkə, düşmən dövlətlərlə eyni səviyyəyə qoyulur?
Tolstoy Azərbaycanın mədəniyyət mərkəzlərini “düşmən yuvaları” adlandırıb və onların bağlanmasının vacibliyini vurğulayıb. Halbuki Azərbaycanda “Rus Evi” yalnız qanunvericiliyə uyğun gəlmədiyi üçün bağlanıb və Rusiya mədəniyyətinə qarşı heç bir ksenofob bəyanat verilməyib.
Digər mühüm məqam isə odur ki, hadisə ilə bağlı istintaq FSB-yə həvalə edilib. Niyə 2000-ci illərin əvvəllərində baş vermiş cinayətlə FSB məşğul olur? Görünür, bu yolla əməliyyata guya təxribat və ya terrorçuluğa qarşı mübarizə çaları verilir.
Yekaterinburqda azərbaycanlılara qarşı törədilmiş cinayətlə bağlı bütün detallarda Rusiya polisi və OMON-un sərt, qəddar davranışı özünü göstərir. Əgər 1990-cı illərdə OMON və bələdiyyə polisi qəddarlığı ilə tanınırdısa, bu gün həmin tendensiya daha dəhşətli formada davam etdirilir. Rusiya hüquq-mühafizə orqanlarının uydurduğu “etno-cinayətkarlıq” anlayışı isə digər xalqların nümayəndələrini cinayətkar kimi təqdim etmək üçün hüquqi baza yaratmaq cəhdidir. Bu yolla Rusiya artıq həyata keçirdiyi və daha da genişləndirməyi planlaşdırdığı etnik təmizləmə siyasətinə zəmin hazırlayır.