Bakı. Trend:
Qadın güləşi üzrə Azərbaycan millisinin üzvü Elis Manolova idmançı karyerasını başa vurub.
Trend xəbər verir ki, güləşçi bununla bağlı Azərbaycan Güləş Federasiyasına açıqlama verib.
O bildirib ki, fəaliyyətini məşqçi kimi davam etdirmək niyyətindədir:
“Geriyə dönüb baxanda o qədər yarışlar və medallar olub ki, duyğulanmamaq mümkünsüzdür. Əlbəttə, daha bir olimpiya tsiklində güləşmək istərdim. Ancaq illərdir davam edən zədələr güləşməyə imkan vermir. İndiyədək topladığım təcrübəni bundan sonra məşqçi kimi gənclərə ötürmək istəyirəm.
Azərbaycan adına güləşdiyim üçün çox xoşbəxtəm. Mən Azərbaycanı ikinci evim sayıram. Bu ölkədə çox gözəl xatirələrim var. Hər kəs üçün darıxacağam. Bakıya yenə gələcəyəm.
Federasiyaya minnətdaram. Nə yaxşı ki, məni öz sıralarınıza qəbul etdiniz. Mən də sizin bir parçanız idim. Azərbaycan bayrağını yüksəltmək hər zaman böyük qürur idi. Bundan sonra bütün azərbaycanlı güləşçiləri dəstəkləyəcəyəm”.
Qeyd edək ki, 29 yaşında karyerasını başa vuran Elis 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının qalibi olub. İki il sonra Avropa çempionu və dünya üçüncüsü ünvanına sahib çıxan Manolova böyüklər arasında qitə birinciliklərində 5 (1 qızıl, 3 gümüş, 1 bürünc) medal qazanıb.