Bakı. Trend:
Qarşıda Ukrayna və Azərbaycan Xarici İşlər Nazirlikləri arasında konsulluq məsləhətləşmələrinin keçirilməsi nəzərdə tutulur.
Trend xəbər verir ki, bunu ölkəmizdə səfərdə olan Ukraynanın Xarici İşlər Nazirliyinin Konsulluq Xidməti Departamentinin direktoru Vladislav Kanevski özünün sosial şəbəkə hesabında yazıb.
"Azərbaycan Respublikasına işgüzar səfərimə Ukraynanın Konstitusiya Günü münasibətilə Ukraynanın Azərbaycandakı Səfirliyi tərəfindən təşkil olunmuş tədbirlərdə iştirakla başladım. Əsas Qanun Ukrayna xalqının birliyinin nüvəsidir", - o qeyd edib.
Onun sözlərinə görə, bu gün dünyanın müxtəlif guşələrində Ukrayna diasporasının iştirakı ilə keçirilən Konstitusiya Günü münasibətilə təşkil olunmuş tədbirlər şübhəsiz ki, xaricdə yaşayan ukraynalılarla Ukrayna dövləti arasında bağların möhkəmlənməsinə və birliyə xidmət edir:
"Bu təşəbbüsə görə Azərbaycandakı Ukrayna icmasına da təşəkkürümü bildirirəm!
Qarşıda Ukrayna və Azərbaycan Xarici İşlər Nazirlikləri arasında konsulluq məsləhətləşmələrinin keçirilməsi nəzərdə tutulur. Ümid edirik ki, bu məsləhətləşmələr zamanı əldə olunacaq razılaşmalar xaricdə yaşayan həmvətənlərimizin konsulluq müdafiəsinin səviyyəsinin artırılmasına töhfə verəcək və Ukrayna ilə Azərbaycan arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsi istiqamətində növbəti addım olacaq".