...

Vyanada Azərbaycanın xaricdəki mədəniyyət mərkəzlərinin yarımillik hesabat toplantısı keçirilib

Mədəniyyət Materials 27 İyun 2025 10:00 (UTC +04:00)
Vyanada Azərbaycanın xaricdəki mədəniyyət mərkəzlərinin yarımillik hesabat toplantısı keçirilib
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

İyunun 26-da Avstriyanın paytaxtı Vyanada Azərbaycanın xaricdə fəaliyyət göstərən mədəniyyət mərkəzlərinin yarımillik hesabat toplantısı keçirilib.

Trend xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, toplantıda Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Xalq artisti Polad Bülbüloğlu və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Xalq artisti Fərhad Bədəlbəyli iştirak ediblər.

Toplantının əsas məqsədi xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan mədəniyyət mərkəzlərinin fəaliyyətinin əlaqələndirilməsi, 2025-ci ilin birinci yarısına dair hesabatların təqdim olunması, həyata keçirilmiş layihələrin müzakirəsi və gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi olub.
Tədbirdə Avstriya, Almaniya, İtaliya, Fransa, Özbəkistan və Türkiyədə fəaliyyət göstərən mədəniyyət mərkəzlərinin hesabatları təqdim edilib. Hesabatlarda əsas diqqət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları və tapşırıqları üzrə müəyyən edilmiş prioritetlər əsasında mədəniyyətimizin təbliği və təqdimatına yönəlib.

Bildirilib ki, 2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edilməsi, həmçinin Vətən müharibəsində Qələbənin 5 illiyi ilə bağlı silsilə tədbirlərin həyata keçirilməsi mədəniyyət mərkəzlərinin əsas fəaliyyət istiqamətlərindən olacaq.

Toplantıda həmçinin mədəniyyətin beynəlxalq miqyasda təbliğində innovativ yanaşmaların tətbiqi, mərkəzlərin vahid koordinasiyasının təmin edilməsi, səmərəliliyin artırılması və uzunmüddətli, dayanıqlı layihələrin reallaşdırılması istiqamətində strateji məsələlər müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti