Bakı. Trend:
Azərbaycan "Asienbrücke" Assosiasiyası ilə iqtisadi əməkdaşlıq imkanlarını müzairə edib.
Trend xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” hesabında paylaşım edib.
"Asienbrücke" Assosiasiyasının prezidenti və İdarə Heyətinin sədri cənab Andreas Şoyer ilə videokonfrans formatında keçirdiyimiz görüşdə regional əməkdaşlığın təşviqi və biznes əlaqələrinin gücləndirilməsi, investisiya, enerji, logistika, tranzit və digər sahələrdə əməkdaşlıq imkanları barədə fikirlərimizi bölüşdük", - paylaşımda qeyd edilib.
Qeyd edək ki, "Asienbrücke" Assosiasiyası Asiya–Sakit okean regionu ölkələri ilə Almaniya Federativ Respublikası və Avropa İttifaqı arasında siyasi, iqtisadi, sosial və mədəni sahələrdə daha intensiv əməkdaşlığın inkişafını təşviq edir. Assosiasiya Almaniya–Asiya əlaqələrinin və qarşılıqlı anlaşmanın gücləndirilməsini dəstəkləyən şəxslər tərəfindən dəstəklənir. Assosiasiyanın əsas öhdəliyi Almaniya–Asiya və Avropa–Asiya münasibətlərinin qorunması və daha da inkişaf etdirilməsidir.
