Bakı. Trend:
İran beynəlxalq nəqliyyat dəhlizləri ilə tranzit və yükdaşımaları ildə 60 milyon tona çatdırmağı qarşıya məqsəd qoyub.
Trend-in məlumatına görə, bunu İranın yol və şəhərsalma nazirinin müavini və Dəmir Yolları Şirkətinin icra direktoru Cabbar Əli Zakeri bu gün İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin valisi Rza Rəhmani ilə Urmiyada baş tutan görüşdə deyib.
Onun sözlərinə görə, İran Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi və Beynəlxalq Şərq-Qərb Dəhlizi ilə yükdaşımaları qeyd olunan həcmə çatdıra bilər.
Zakeri deyib ki, İran quru yolları və dəmiryolları ilə tranzit və yükdaşıma əməliyyatları artırılmalıdır.
Nazir müavini qeyd edib ki, İranın şimal-qərbində Mərənd-Çeşme Sorəyyə dəmiryolu xəttinin tikintisinin xam neftin barter edilməsi ilə həyata keçirilməsi nəzərdə tutulub. Çünki İranın şərqində yerləşən Sərəxs dəmiryolunun İranın qərbində yerləşən Çeşme Sorəyya məntəqəsinə birləşdirilməsi ölkənin önəmli layihələrindən biri hesab olunur. Bu marşrutla böyük ölçüdə Çin məhsullarını daşımaq mümkündür.
Zakeri ötən İran ilində (20 mart 2024 -20 mart 2025) İran üzərindən 20 milyon ton yükün daşındığını və onun 2,5 milyon tonunun dəmiryolu ilə daşındığını qeyd edib.
Əlavə edək ki, 2000-ci il 12 sentyabr tarixində Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında "Şimal-Cənub" nəqliyyat dəhlizinin təməli qoyulub. Ümumilikdə bir sıra ölkələr sözügedən Sazişi ratifikasiya edib. (Azərbaycan Respublikası, Belarus Respublikası, Bolqarıstan Respublikası, Hindistan, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası, Oman Sultanlığı, Rusiya Federasiyası, Tacikistan Respublikası, Türkiyə Respublikası, Ukrayna). Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır (hazırkı marşrut üzrə çatdırılma vaxtı 6 həftədən artıqdır, "Şimal-Cənub" vasitəsilə 3 həftə olması gözlənilir).
Dəhliz çərçivəsində Azərbaycan dəmir yollarının İran dəmir yolları şəbəkəsi ilə birləşdirilməsi üçün 6 mart 2019-cu il tarixində Qəzvin – Rəşt (175 km) dəmiryolu istifadəyə verilib. İran ərazisində Rəşt – Astara dəmir yolu tikilməlidir.
Şimal-Cənub Dəhlizinin İran ərazisində 3 istiqaməti var. Şərq istiqaməti Türkmənistan və Orta Asiya ölkələri, Orta istiqaməti Xəzər dənizi vasitəsi ilə Rusiya və sairə ölkələr, Qərb istiqaməti Azərbaycan, Gürcüstan, Rusiya və Şərqi Avropa ölkələri.
Qeyd edək ki, 17 may 2023 tarixində İranın şimalında yerləşən Gilan vilayətində Rəşt-Astara dəmiryolunun tikintisi üzrə Rusiya və İran arasında saziş imzalanıb. Təxminən 163 km uzunluğunda olan Rəşt-Astara dəmiryolu xəttində 9 stansiya tikiləcək. Bu dəmiryolunun tikintisinin başa çatdırılması ilə Şimal-Cənub Beynəlxalq Dəhlizi təkmilləşəcək və İranın dəmiryol şəbəkəsi Qafqaz ölkələri, Rusiya və Şimali Avropa ölkələrinə birləşəcək. Sazişə əsasən bu dəmiryolunun tikintisinə Rusiya tərəfinin 1,6 milyard avro dəyərində vəsait xərcləməsi gözlənilir. Bu dəmiryolunun 48 ay ərzində tikilərək başa çatdırılması nəzərdə tutulub.