Bakı. Trend:
Azərbaycan bu ilin yanvar-aprel aylarında Türkiyəyə 3 milyard 715,07 milyon kubmetr təbii qaz ixrac edib.
Bu barədə Trend Türkiyənin Enerji Bazarını Tənzimləmə Şurasına (EPDK) istinadla məlumat verir.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 % artım deməkdir. Bu dövrdə ixracın 3 milyard 609,35 milyon kubmetri uzunmüddətli müqavilələrlə, 105,72 milyon kubmetri isə spot bazar mexanizmi ilə təmin olunub.
Təkcə apreldə Türkiyəyə 999,83 milyon kubmetr qaz ixrac edilib. Bu, ötən ilin aprel ayı ilə müqayisədə cüzi — 0,09 % azalma deməkdir. Bu həcmin 956,46 milyon kubmetri uzunmüddətli müqavilələr əsasında, 43,37 milyon kubmetri isə spot razılaşmalar çərçivəsində çatdırılıb.
Aprel ayında Türkiyənin ümumi qaz idxalı 4 milyard 60,82 milyon kubmetr təşkil edib — bu, illik müqayisədə 69,54 % artımdır. İdxalın 90,04 %-i (3 milyard 656,17 milyon kubmetr) boru kəmərləri, 9,96 %-i (404,65 milyon kubmetr) isə mayeləşdirilmiş təbii qaz (LNG) vasitəsilə həyata keçirilib.
Həmin ayda Azərbaycan Türkiyənin qaz idxalında 24,62 %-lik payla ikinci sırada qərarlaşıb. Birinci yerdə 44,81 %-lə Rusiya, üçüncü yerdə 17,41 %-lə İran, dördüncü yerdə isə ilk dəfə qaz ixrac edən Türkmənistan (3,19 %) yer alıb. Türkiyəyə qaz ümumilikdə altı ölkədən – Azərbaycan, Rusiya, İran və Türkmənistandan boru kəmərləri ilə, ABŞ və Əlcəzairdən isə LNG şəklində tədarük olunub.
Azərbaycan qazı Türkiyəyə əsasən “Şahdəniz” yatağının işlənməsinin birinci və ikinci mərhələləri çərçivəsində çatdırılır.
EPDK-nın açıqlamasına görə, 2024-cü ildə Azərbaycanın Türkiyəyə qaz ixracı 11 milyard 478,4 milyon kubmetrə çatıb ki, bu da 2023-cü illə müqayisədə 11,9 % artım deməkdir.