Bakı. Trend:
Doğrudan da, çox əlamətdar gündür. Əslində Azərbaycan tarixinin əhəmiyyətli günlərindən biridir.
Bunu Trend-ə 26 İyun - Silahlı Qüvvələr Günü ilə bağlı təəssüratını bölüşən paytaxt sakini, tibb elmləri doktoru, professor Afər Əfəndiyev deyib.
Şəhər sakini bildirib ki, İkinci Qarabağ müharibəsində hərbi qüvvələrimizin göstərdiyi şücaətə dünya miqyasında az-az ölkələrdə rast gəlinir:
“Allah dünyasını dəyişənlərin, şəhid olanların hamısına rəhmət eləsin. Qazilərə tezliklə sağlamlıqlarına qovuşmalarını arzulayıram. Reallıq budur ki, bugünkü dünya qarışıq hadisələrlə doludur. Bu gün dünyada kimin güclü olması hər şeyi müəyyən edən faktordur”.
A.Əfəndiyev həmçinin, Azərbaycan ordusunun getdikcə daha da inkişaf etməsindən söz açıb:
“Ulu Öndər Heydər Əliyev Azərbaycan ordusunun inkişafına, müdafiə sənayesinin böyüməsinə, hərbi qüvvələrin formalaşmasına çox böyük töhfə verib. Prezident İlham Əliyev bu ənənəni davam etdirir. Bu gün Azərbaycan Silahlı Qüvvələri öz gücünə görə dünyada ön sıralardadır. Dünyada son illərdə baş verən münaqişələr bir daha onu göstərir ki, güclü iqtisadiyyatı, sənayesi, texnologiyası olan dövlət heç vaxt məğlub ola bilməz”.
Professor qeyd edib ki, bu gün hər bir azərbaycanlı özünü rahat his edə bilər.
“Çünki Silahlı Qüvvələrimiz, onun Ali Baş Komandanı ölkəmizin gələcəyi üçün hər şeyi edir”, - deyə o fikrini tamamlayıb.