Bakı. Trend:
Rəqəmsal texnologiyaları Orta dəhliz boyunca əlaqələndirmə və kommunikasiyanın təkmilləşdirilməsi baxımından həlledici rol oynayır.
Trend xəbər verir ki, bunu AİB Mərkəzi və Qərbi Asiya departamentinin baş direktoru Yevgeniy Jukov Pekində Asiya İnfrastruktur İnvestisiyaları Bankının illik toplantısı çərçivəsində keçirilən panel müzakirələrində deyib.
O qeyd edib ki, Asiya İnkişaf Bankı (AİB) dayanıqlı limanların və dəniz daşımalarının inkişafına investisiya qoyuluşuna prioritet kimi yanaşır və enerjiyə qənaət edən texnologiyaların tətbiqini təşviq edir.
“Xəzər dənizində sahilyanı dövlətlərin iqtisadiyyatında mühüm rol oynayan həm iri, həm də kiçik limanlar yerləşir. Bununla belə, bu limanlar su səviyyəsindəki dəyişkənliklərə xüsusilə həssasdır. 1990-cı illərin əvvəllərindən bəri Xəzər dənizinin səviyyəsi 2 metr azalıb, yüzilliyin sonunadək isə bu göstəricinin 9–18 metr arasında azalacağı və nəticədə şimal hövzəsinin tamamilə yox olacağı proqnozlaşdırılır. AİB bu problemin ciddiliyinin və limanların, gəmiçilik kanallarının və ticarət gəmilərinin uyğunlaşdırılmış layihələndirilməsinə olan ehtiyacın, eləcə də su səviyyəsinin azalmasının nəticələrinin yumşaldılması və iqlim dəyişikliklərinə uyğunlaşma məqsədilə siyasətlərin uzlaşdırılmasının və əməkdaşlığın vacibliyinin fərqindədir”, – deyə Jukov bildirib.
O vurğulayıb ki, dəhliz boyunca yerləşən bir çox ölkələrin iqtisadi strukturu geniş şəkildə avtomobil nəqliyyatından istifadəyə əsaslanır – dəmir yollarına keçid isə həmişə mümkün və ya iqtisadi baxımdan əsaslandırılmış olmur.
“Bu isə həmin marşrut üzrə nəqliyyat sektorunun emissiyalarının həcminə mənfi təsir göstərir. Bu problemin həlli məqsədilə AİB-in planlaşdırdığı avtomobil nəqliyyatı infrastrukturu layihələrinə emissiyaların azaldılmasına yönəlmiş iqlimlə bağlı exnologiyalar və logistik həllər inteqrasiya olunacaq”, – deyə o əlavə edib.
Jukovun sözlərinə görə, Orta Dəhliz çərçivəsində
əlaqələndirilmiş və qarşılıqlı fəaliyyətin artırılması üçün
rəqəmsal texnologiyalar əsas element sayılır. Yüklərin izlənməsi və
idarə olunması üçün uyğunlaşdırılmış rəqəmsal platformaların
tətbiqi logistik zəncirin iştirakçılarına real vaxt rejimində
məlumat mübadiləsi aparmağa imkan verəcək, bu isə nəqliyyat
vasitələri və operatorlar arasında əlaqələndirməni
yaxşılaşdıracaq.
“Bu, təkcə effektivliyi artırmır, həm də logistik zəncirlərdə
şəffaflığı və hesabatlılığı gücləndirir. Real vaxtda izləmə
imkanları yüklərin statusu ilə bağlı operativ məlumat almağa şərait
yaradır ki, bu da gecikmələrin qarşısını alır və uyğunsuzluqları
aradan qaldırır”, – deyə o vurğulayıb.
Bundan əlavə, onun sözlərinə görə, elektron sənədləşmənin standartlaşdırılması da mühüm elementlərdən biridir.
“Dəhliz üzrə ölkələr arasında ticarət və gömrük sənədlərinin harmonizasiyası prosedurların sadələşdirilməsinə və inzibati yükün azaldılmasına səbəb olacaq. Bu cür sənədlərin ümumi şəkildə tanınması sərhədlərin fasiləsiz keçidini təmin edəcək, səhvlərin sayını azaldacaq, təchizat zəncirinin etibarlılığını artıracaq və xərcləri minimuma endirəcək”, – deyə Jukov yekunlaşdırıb.
Qeyd edək ki, Orta Dəhliz Asiya ilə Avropanı birləşdirən nəqliyyat-ticarət marşrutudur və regionun bir sıra ölkələrindən keçir. Bu dəhliz ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativ kimi çıxış edir.
Marşrut Çindən başlayaraq Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən, daha sonra Xəzər dənizi vasitəsilə Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. Orta Dəhliz, Asiyanın şərq bölgələrini, o cümlədən Çini, daha uzun dəniz yollarını keçmədən Avropa ilə birləşdirən quru yolu təklif edir.