...

Bakı Dövlət Universitetinin Məzun Günü keçirilib (FOTO)

Cəmiyyət Materials 25 İyun 2025 19:45 (UTC +04:00)
Bakı Dövlət Universitetinin Məzun Günü keçirilib (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

İyunun 25-də Milli Gimnastika Arenasında Bakı Dövlət Universitetinin (BDU) Məzun Günü keçirilib.

Trend xəbər verir ki, əvvəlcə Dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi anılıb. Sonra BDU haqqında videoçarx nümayiş olunub.

Tədbiri açıq elan edən BDU-nun rektoru Elçin Babayev məzunları təbrik edib, onlara uğurlar arzulayıb: “Bu gün qədim tarixi və zəngin ənənələri olan BDU-nun həyatında unudulmaz gündür. Ali təhsillərini uğurla başa vurmuş 6000-dən çox tələbəmiz Universitetdən məzun olur. Siz Azərbaycanın yeni reallığa qədəm qoyduğu, ölkə həyatının hər bir sahəsində davamlı inkişafın, elmi-texniki tərəqqinin vüsət aldığı bir dövrdə məzun olursunuz. Tələbəlik illəriniz xalqımız üçün taleyüklü hadisələrlə zəngin bir dövrə təsadüf edir.

Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında rəşadətli Ordumuzun böyük Zəfərə imza atması ilə ölkəmizin ərazi bütövlüyü, heç bir gün çəkməyən lokal antiterror əməliyyatı ilə dövlət suverenliyimiz bərpa olundu. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı. Müstəqil dövlətimizin dünyanın siyasi arenasında mövqeyi möhkəmləndi. Bu il qürurla beşinci ildönümünü qeyd edəcəyimiz şanlı Zəfərə qanından və canından keçərək imza Vətən oğullarının ruhu qarşısında baş əyirik.

Bu gün ali təhsilini başa vurmuş gənclərimiz Vətənimizin hər bir guşəsində, o cümlədən doğma Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işlərində fəal iştirak edirlər. Bu işlərə həvəslə qoşulan Azərbaycan gəncləri arasında Universitetimizin məzunları da az deyil. Biz onlarla fəxr edir, əzəli torpaqlarımıza yeni nəfəs verən quruculuq və yaradıcılıq işlərində hər birinə uğurlar arzulayırıq. Unutmayın ki, siz xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzun olduğu Bakı Dövlət Universitetinin yetirmələrisiniz. “Mən çox xoşbəxtəm ki, Bakı Dövlət Universitetinin məzunuyam” deyərək qocaman təhsil ocağımıza yüksək dəyər vermiş, onu “Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvəti, milli iftixarı” adlandırmış dahi şəxsiyyətin bu kəlamlarını heç vaxt unutmayın. Siz ali təhsilinizi ölkəmiz üçün əlamətdar bir təqvim ilində başa vurursunuz – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilib. Hər iki anlayış Azərbaycanın müasir dövlət quruculuğunda ayrılmaz dəyərlər kimi qəbul olunur və xalqımızın taleyində mühüm əhəmiyyət kəsb edir. Hüquqi dövlət quruculuğuna töhfə verən, dövlət müstəqilliyinin qorunması və möhkəmlənməsində fəal iştirak edən Azərbaycan gəncləri sırasında BDU məzunlarının da adları olacaq”.

Rektor bildirib ki, 106 il əvvəl 2 fakültə, 44 nəfərlik professor-müəllim və 1094 nəfərlik tələbə heyəti ilə fəaliyyətə başlamış BDU-da hazırda 16 fakültədə 1500 nəfərlik professor-müəllim heyəti çalışır, 25000-dən çox tələbə təhsil alır. Universitetdə 120 kafedra, 2 elmi-tədqiqat institutu, 6 elmi-tədqiqat mərkəzi, 5 muzey, Qazax filialı, İqtisadiyyat və Humanitar Kollec və “Gənc istedadlar” liseyi fəaliyyət göstərir. Bakalavr səviyyəsində 75 ixtisas, magistratura səviyyəsində 243 ixtisaslaşma üzrə kadr hazırlığı həyata keçirilir.

Hazırda BDU yüksəkixtisaslı kadrlar yetişdirməklə ölkəmizdə insan kapitalının formalaşmasına və zənginləşməsinə xidmət göstərmək, Vətənimizin dünya elm, təhsil və mədəniyyət məkanında layiqli yer tutmasını təmin etmək kimi ali missiyasını şərəflə yerinə yetirir. Hazırda universitetdə tədris prosesi tarixi ənənələrin və modern dünya təcrübəsinin vəhdəti, innovativ təlim texnologiyaları əsasında qurulur. Elmi araşdırmalar müasir tələblərə uyğun şəkildə aparılır, tədqiqat işlərinin məzmunu daim yenilənir. BDU ölkənin nüfuzlu şirkətləri, iri sənaye müəssisələri, dövlət təşkilatları, ictimai qurumları ilə əməkdaşlığı inkişaf etdirir, dünyanın aparıcı universitetləri – Türkiyə, Çin, Pakistan, Qazaxıstan, Özbəkistan və s. kimi ölkələrin nüfuzlu ali təhsil müəssisələri ilə ikili diplom proqramı əsasında kadr hazırlığını uğurla həyata keçirir.

BDU dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri hesab olunan “QS Quacquarelli Symonds” agentliyinin “QS World University Rankings” reytinqində böyük tarixi uğura imza atıb. Dünya universitetləri arasında ilk 700-lüyə daxil olub,688-ci sırada qərarlaşıb. Bu nəticə ilə təkcə ölkəmizdə deyil, Cənubi Qafqazda lider mövqeyə yüksəlib. BDU nüfuzlu “Times Higher Education” beynəlxalq təşkilatının dünya universitetləri reytinqində ilk 600-lükdə yer alıb: “Biz bu uğura professor-müəllim heyəti və tələbələrimizlə birgə imza atmışıq. BDU bundan sonra da milli və beynəlxalq əmək bazarında rəqabətədavamlı, bilikli və bacarıqlı, bəşəri və milli-mənəvi dəyərlərə hörmətlə yanaşan, dövlətinə sadiqliyi və vətənpərvərliyi ilə seçilən yüksəkixtisaslı mütəxəssislər hazırlamağa əzmlə davam edəcək. BDU fəaliyyət göstərdiyi 106 il ərzində 200 mindən çox yüksəkixtisaslı mütəxəssis, o cümlədən bir çox xarici ölkələr üçün yüzlərlə peşəkar kadr yetişdirib. BDU məzunları ölkə həyatının müxtəlif sahələrində, o cümlədən dövlət quruculuğunda çox mürəkkəb, məsuliyyətli və eyni zamanda nəcib missiyanı şərəflə yerinə yetiriblər. BDU öz məzunları ilə həmişə fəxr edir, onların elmi, peşə və yaradıcı fəaliyyətindən qürur duyur”.

Sonra Universitet tələbələrinin ifasında BDU-nun himni səsləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti