Bakı. Trend:
Bakıda Fransanın müstəmləkəçilik siyasətinin əsarətində olan Qvadelup adasına həsr olunan “Qvadelupun Dekolonizasiyasına Doğru! Çağırışlar və Perspektivlər” beynəlxalq tematik konfransın yekun bəyanatı qəbul edilib.
Trend xəbər verir ki, bəyanatın mətnini Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov səsləndirib.
Bəyanatda deyilir:
"Biz, 25 iyun 2025-ci ildə Azərbaycan Respublikasının paytaxtı
Bakı şəhərində Bakı Təşəbbüs Qrupu (BTQ), Qvadelupun Azadlığı
Uğrunda Xalq Birliyi (UPLG), Qvadelupa Beynəlxalq Təzminatlar
Hərəkatı (MIR-Guadeloupe), Qara dərili Xalqların Beynəlxalq
Komitəsi (CIPN) və Qvadelup Millətinin Yaranması naminə Güc
Hərəkatı (FKNG) ilə birgə təşkil olunmuş və digər Qvadelup vətəndaş
cəmiyyəti nümayəndələrinin, siyasi hərəkatların, elmi ocaqların,
habelə beynəlxalq insan hüquqları təşkilatlarının fəal iştirakı ilə
keçirilmiş "Qvadelupun Dekolonizasiyasına Doğru! Çağırışlar və
Perspektivlər" adlı Beynəlxalq Konfransın iştirakçıları, BMT
Nizamnaməsində və xüsusilə müstəmləkə altında olan ölkələrə və
onların xalqlarına müstəqilliyin verilməsi ilə bağlı BMT Baş
Assambleyasının 1514 (XV) saylı qətnaməsində əks olunmuş
prinsiplərə əsaslanaraq, bütün xalqların siyasi statuslarını
sərbəst müəyyənləşdirmək və öz siyasi, iqtisadi, sosial və mədəni
inkişaf yollarını müstəqil şəkildə seçmək hüququnun
toxunulmazlığına dair ortaq öhdəliyimizi bir daha
təsdiqləyirik".
Qeyd edilir ki, Qvadelup hələ də Fransa Respublikasının tabeliyi
altında dənizaşırı departament statusunda saxlanılır və bu status,
Qvadelup xalqının öz siyasi gələcəyini azad iradəsinə uyğun olaraq
tam şəkildə sərbəst müəyyənləşdirmək hüququnun həyata keçirilməsinə
mane olur.
"Biz Qvadelupun məruz qaldığı müstəmləkə cinayətləri və tarixi
ədalətsizlikləri – xüsusilə yerli Kalinago xalqının məhv
edilməsini, Afrikalı qulların və müqavilə əsasında işləyən
işçilərin istismarını, eləcə də bərabərsizliyi və asılılığı bu gün
də davam etdirən inzibati və iqtisadi strukturların mövcudluğunu
xatırladır və bu tarixi ədalətsizliklərin aradan qaldırılmasının
zəruriliyini vurğulayırıq. Bu faktların mənfi nəticələri bu gün də
öz təsirini göstərir.
Biz, departament statusunun müstəmləkəçiliyə son qoymadığını, onu
xüsusi institusional formaya çevirdiyini və bu statusun Fransaya
Qvadelup əhalisinin razılığı olmadan ölkəni dekolonizasiya
siyahısından çıxarmağa imkan verdiyini qəbul edirik. Hələ də öz
həllini tapmayan bu müstəmləkə statusunun nəticələri Qvadelupda
davamlı işsizlik, gənclərin kütləvi köçü, sosial bərabərsizlik,
iqtisadi asılılıq, zorakılığın artması və ətraf mühitin
çirkləndirilməsi, xüsusilə də xlordekon böhranının dağıdıcı
təsirləri ilə özünü göstərir.
Biz müstəmləkə mirasının aradan qaldırılması üçün inklüziv
dialoqun, tarixi həqiqətin tanınmasının, mədəniyyət və dilin
dirçəldilməsinin, ədalətli təzminatın, həmçinin institutlar və
təhsil sisteminin dekolonizasiyasının zəruriliyini vurğulayırıq", -
bəyanatda vurğulanıb.
Bildirilir ki, konfrans zamanı iştirakçılar müstəmləkəçilik
dövrünün tarixi kontekstini və kollektiv yaddaşı müzakirə ediblər:
Siyasi və institusional islahatların həyata keçirilməsinin
vacibliyi; müstəmləkə istismarına həkk olunmuş dayanaqlı iqtisadi
bərabərsizlikləri; mədəni və intellektual azadlığın bərpası;
Həmçinin müqavimət və yeniliyin kimlik və dini əsasları; vətəndaş
cəmiyyəti və sosial hərəkatların azadlıq mübarizəsində mərkəzi
rolu.
"Biz dünyada hələ də müstəmləkə əsarəti altında yaşayan xalqlarla
qətiyyətli həmrəyliyimzi bildirir və onların öz talelərini
beynəlxalq hüquqa uyğun olaraq sərbəst müəyyən etmək hüququnu
dəstəklədiyimizi bir daha təsdiqləyirik. Bu baxımdan, Birləşmiş
Millətlər Təşkilatını və aidiyyəti beynəlxalq və regional qurumları
Qvadelupun dekolonizasiya prosesini dəstəkləmək, bu xüsusda
Qvadelupun BMT-nin özünü idarə etməyən ərazilər siyahısına yenidən
daxil edilməsi ilə bağlı konkret tədbirlər görməyə və qətiyyətli
şəkildə öz mövqeyini ifadə etməyə çağırırıq.
Biz müstəmləkəçilikdən zərər çəkmiş xalqlar və hərəkatlar arasında
dialoq, əməkdaşlıq və fikir mübadiləsinin davam etdirilməsini
dəstəkləyirik. Eyni zamanda, Bakı Təşəbbüs Qrupu kimi beynəlxalq
platformaların əhəmiyyətini xüsusi vurğulayırıq. Belə platformalar
əzilən xalqların səsini dünya ictimaiyyətinə çatdırmaq və qlobal
dekolonizasiya gündəminin beynəlxalq platformalara daşınmasında
vacib rol oynayır.
Bu bəyanatla biz Qvadelup xalqının suverenliyə sülh yolu ilə,
ədalətli və demokratik əsaslarla keçid prosesini dəstəklədiyimizi
bildiririk. Qvadelupun gələcəyi yalnız onun xalqına məxsusdur və
biz onların haqlı mübarizəsində daim yanlarında olmağa sadiq
qalırıq.
Biz bu mühüm konfransın təşkilinə və dekolonizasiya üzrə qlobal məsələlərin irəlilədilməsi üçün göstərdikləri əvəzsiz dəstəyə görə Azərbaycan Respublikasına və Bakı Təşəbbüsü Qrupuna dərin təşəkkürümüzü ifadə edirik", - bəyanatda əlavə olunub.