Bakı. Trend:
Azərbaycan Çinlə texnologiya transferindən birgə layihələrə, elmi-tədqiqat əməkdaşlığından insan kapitalının inkişafına qədər əməkdaşlığı genişləndirməkdə maraqlıdır.
Trend xəbər verir ki, bunu Azərbaycanın Energetika naziri Pərviz Şahbazov Çinin Ninqbo şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) energetika nazirlərinin iclasının açılış mərasimində və “Sənaye innovasiyası dayanıqlı enerji inkişafının hərəkətverici qüvvəsidir” adlı forumda çıxışı zamanı deyib.
Dialoq tərəfdaşı olan Azərbaycanın ŞƏT-lə əməkdaşlığın dərinləşdirilməsinə xüsusi önəm verdiyi vurğulanaraq bildirilib ki, Prezident cənab İlham Əliyevin son illərdə təşkilatın Zirvə toplantılarında fəal iştirakı və bu platforma çərçivəsində Çinlə strateji tərəfdaşlıq Bəyannaməsinin imzalanması bu əməkdaşlığın əhəmiyyətini nümayiş etdirir.
Bu ilin aprelində Pekində imzalanmış hərtərəfli strateji tərəfdaşlığın qurulmasına dair Bəyanatın isə Azərbaycan-Çin münasibətlərində yeni mərhələ olmaqla yanaşı, təşkilatla da əməkdaşlığın güclənməsinə təkan verdiyi qeyd edilib.
Bu platformada ölkələrin fosil ehtiyatları, bərpa olunan enerji potensialı, infrastruktur və texnoloji imkanlar kimi müxtəlif üstünlüklərinin bir-birini tamamlayaraq çoxtərəfli enerji əməkdaşlığı və ədalətli enerji keçidi üçün əlverişli zəmin yaratdığı, xüsusilə Çinin qabaqcıl texnologiya və innovasiyaların tətbiqi ilə bu prosesə mühüm töhfə verdiyi vurğulanıb.
Azərbaycanın ŞƏT ölkələri ilə enerji tərəfdaşlığında Çin, Qazaxıstan və Özbəkistanla birgə həyata keçirilən “yaşıl enerji” layihələrindən bəhs edilib. Bildirilib ki, Azərbaycan Çinlə texnologiya transferindən birgə layihələrə, elmi-tədqiqat əməkdaşlığından insan kapitalının inkişafına qədər əməkdaşlığı genişləndirməkdə maraqlıdır.
Bildirilib ki, Zati-aliləri Prezident İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında mövcud olan səmimi dostluq münasibətləri və Azərbaycan-Çin əlaqələrinin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi, “yaşıl enerji” gündəliyinin sürətli inkişafına güclü impuls verir. Çin şirkətlərinin hazırda Azərbaycanın “yaşıl enerji” strategiyasının reallaşdırılmasında həm podratçı, həm də investor qismində mühüm rol oynadıqları, bu şirkətlərlə mərhələli şəkildə ümumilikdə təxminən 2,3 QVt gücündə külək - günəş elektrik stansiyalarının inşası, həmçinin Xəzər dənizində təxminən 2 QVt gücündə külək enerjisi layihələrinin inkişafının planlaşdırıldığı qeyd olunub.