Bakı. Trend:
İranın Konstitusiyaya Nəzarət Şurası parlamentin Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlığının dayandırılması üzrə qanun layihəsini təsdiqləyib.
Trend-in məlumatına görə, bunu İranın Konstitusiyaya Nəzarət Şurasının sözçüsü Hadi Tahan Nəzif yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, Konstitusiyaya Nəzarət Şurası üzvləri İran parlamentinin Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlığın dayandırılması üzrə layihəsini araşdırıb və bu layihənin konstitusiyaya zidd olmadığına qərar verilib.
Tahan Nəzif bildirib ki, bu qərara əsasən İranın suverenliyinin pozulması, İsrail və ABŞ tərəfindən İranın dinc məqsədli nüvə obyektlərinə hücumları və İranın milli mənafeyinin təhlükə ilə üzləşməsinə görə, İran hökuməti Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə heç bir əməkdaşlıq edə bilməz. Yalnız İranın suverenliyi, ərazi bütövlüyü, nüvə mərkəzlərinin təhlükəsizliyinə təminat verildiyi, Nüvə Silahlarının Yayılmamasına dair Sazişin (NPT) 4-cü müddəasında qeyd olunan hüququ, xüsusilə uranın zənginləşdirilməsi hüququ tanındığı halda İran agentliklə əməkdaşlıq edə bilər. Bu hallar isə İranın Ali Milli Təhlükəsizlik Şurası tərəfindən müəyyənləşdiriləc.
Xatırladaq ki, 25 iyunda İran parlamenti sözügedən layihəni qəbul edib.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.
Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.
Xatırladaq ki, 22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv edildiyi qeyd olunub.
Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəki hərbi bazasına hava zərbələri endirib.
Bu gün İsrail baş nazirinin ofisi İsrail hökumətinin ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə İranla atəşkəsə razılaşdığını elan edib.
İranın Ali Milli Təhlükəsizlik Şurası da bəyanat yayaraq hücumların dayandırıldığını qeyd edib.