Bakı. Trend:
Bu gün İtaliyanın Kaorle şəhərində yeniyetmələr arasında (U-15) güləş üzrə Avropa çempionatına start verilib.
Trend xəbər verir ki, ilk yarış günündə sərbəst güləş üzrə bütün çəkilərdə finalçılar müəyyənləşib. 6 güləşçimiz finala vəsiqə qazanıb.
38 kq
Sərxan Musayev kosovolu Adis Berişa (10:0) və rusiyalı Ramazan
Şadovu (7:4) mübarizədən kənarlaşdırsa da, 1/4 finalda son
saniyələrdə gürcüstanlı Luka Dotiaşviliyə məğlub olub – 8:11.
Onunla eyni çəkidə çıxış edən Cavanşir Süleymanov macarıstanlı Elian Veq (12:1), bolqarıstanlı David Petrov (10:0) və gürcüstanlı Luka Dotiaşviliyə (7:4) qalib gələrək finala yüksəlib. Cavanşir finalda rusiyalı Abdulla Almazovla güləşəcək.
41 kq
Hüseyn Rzazadə rusiyalı İmran Bakayevə 11:4, fransalı Soslan
Quyqolayevə “tuş”la və ukraynalı Volodimir Boykoya 8:2 hesabıyla
qalib gələrək finala adlayıb. Hüseyn həlledici görüşdə rusiyalı
Nikita Kondraşovla qarşılaşacaq.
44 kq
İbrahim Həsənov ukraynalı Taras Petruka (10:0), Ermənistan
güləşçilərinə Narek Dallakyanla (10:0) Aren Piruzyana (5:0),
yarımfinalda isə israilli Tamir Şirməmmədova (10:0) heç bir şans
tanımayıb. İbrahim titulunu qorumaq üçün finalda rusiyalı Kirill
Kondraşovu üstələməlidir.
48 kq
Əkbər Əsgərov slovakiyalı Mario Pihikə (10:0), kosovolu Harun
Şipkoviçaya (12:0), belçikalı Muslim Xatsiyevə (11:0) və rusiyalı
İslam Qurbanova (14:4) tam üstünlüklə qalib gələrək finala vəsiqə
qazanıb. Əkbər finalda rusiyalı Amir Daurovla güləşəcək.
Bu çəkidəki digər təmsilçimiz Tunar Sultanzadə irlandiyalı Allbert Pikulski (12:2), türkiyəli Muhammed Qolha (tuş) və ukraynalı Boqdan Kazakovu (10:0) yarışdan kənarlaşdırıb. Yarımfinalda rusiyalı Amir Daurovla bacarmayan (0:11) həmyerlimiz ümidini bürünc medala bağlayıb.
52 kq
Yusif Hüseynov ilk mərhələdə rusiyalı Kazmanbet Batırova uduzub –
4:6.
57 kq
Elcan Həsənov gürcüstanlı Nikoloz Barataşvili (3:0), moldovalı
Viktor Veverita (10:0) və türkiyəli Osman Kazımoğlunu (7:4)
xalçadan məyus yola salıb. Ancaq finalın bir addımlığında
ermənistanlı Erik Papikyana uduzub – 0:7.
Onun çəki yoldaşı Muraz Hüseynov da eyni aqibəti yaşayıb. Təmsilçimiz yarımfinaladək macarıstanlı Donat Mora (tuş), belaruslu Stanislav Piatrov (14:4) və bolqarıstanlı Xristo Yanaçkov (8:2) üzərində inamlı qələbələr qazansa da, finalın bir addımlığında ermənistanlı Tiqran Kolotyan (5:5) keçilməz olub. Hər iki güləşçimiz 3-cü yer uğrunda mübarizə aparacaq.
62 kq
Məhəmməd Həsənli makedoniyalı Dariyan Pavlevə 7:2, estoniyalı Rain
Tiqasa 15:4 və ukraynalı Oleksandr Kulikə 10:0 hesabıyla qalib
gələrək adını finala yazdırıb. Məhəmməd qızıl medal üçün rumıniyalı
İstvan Naqiylə güləşəcək.
68 kq
Xəyal Şükürlü yunanıstanlı Konstantinos MixaiIidisə (10:0),
slovakiyalı Aleks Jaksikə (10:0) və ukraynalı İqor Klinduxa (12:1)
vaxtından əvvəl qalib gəlsə də, yarımfinalda rusiyalı Muslim
Balqayevə 0:4 hesabıyla məğlub olub.
75 kq
Elvin Necəfzadə italiyalı Qabriele Miçeliyə tam üstünlüklə (12:2)
qalib gəlsə də, 1/4 finalda gürcüstanlı Giorgi Qoqiberidzeyə 8:12
hesabıyla uduzub.
85 kq
Elgün Kərimli rumıniyalı Draqos Margineantunu (10:0), rusiyalı
Axmad Laypanovu (10:0) və türkiyəli Mehmet Bozkurtu (13:2)
vaxtından əvvəl üstələyib. Elgün finalda gürcüstanlı Mate Oniani
ilə güləşəcək.
Medallar uğrunda qarşılaşmalar sabah keçiriləcək.