Bakı. Trend:
Banklar və “Azərpoçt” MMC sistemləri üzrə may ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı hesabat ilinin əvvəlinə nəzərən 562 min ədəd və ya 2.8% artaraq 20 milyon 461 min ədəd təşkil edib. Ödəniş kartlarında debet kartlarının sayı 4% artmış, kredit kartlarının sayı isə 6.2% azalıb.
Bu barədə Trend Mərkəzi Banka istinadən xəbər verir.
Bildirilib ki, ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib:
"Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 29% artıb. 2025-ci ilin may ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8,074 milyon manat təşkil edib".
Qeyd edilib ki, həyata keçirilən nağdsız ödənişlərin 7,053 milyon manatı elektron ticarətin payına düşür:
"Qalan məbləğin 1,016 milyon manatı POS-terminallar, 3.2 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 67.1%-ni təşkil edib".
"Banklar və “Azərpoçt” MMC-nin ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin may ayının sonu ilə müqayisədə bankomatların sayı 9%, POS-terminalların sayı 42.4% artıb", - deyə məlumatda vurğulanıb.