Bakı. Trend:
Ermənistanda “Müqəddəs Mübarizə” müxalifət hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyan saxlanılıb.
Trend xəbər verir ki, sosial şəbəkələrin Ermənistan seqmentində Qalstanyanın MTX əməkdaşları tərəfindən saxlanılmasını əks etdirən görüntülər yayılıb.
Qeyd edək ki, Ermənistan İstintaq Komitəsinin “Müqəddəs Mübarizə” hərəkatına qarşı cinayət işi açmasından sonra ölkənin hüquq-mühafizə orqanları hərəkat üzvlərinin evlərində axtarışlara başlayıblar.
Hüquq-mühafizə orqanları eyni zamanda Qalstanyanın yaşadığı ünvanda axtarış həyata keçirib.
Ermənistan İstintaq Komitəsinin məlumatına görə, “Müqəddəs Mübarizə” adlı hərəkatın üzvləri və rəhbərləri Ermənistan Respublikasında terror aktları və hakimiyyətin zorakılıq yolu ilə ələ keçirilməsinə yönəlmiş fəaliyyət planlaşdırıblar.
“Hadisə ilə bağlı başlanmış cinayət işi çərçivəsində təxirəsalınmaz istintaq və digər prosessual hərəkətlər aparılır. Başlanmış cinayət işi çərçivəsində, cinayət-prosessual qanunvericiliyin imkan verdiyi vasitələrdən istifadə olunmaqla, cinayətkar qrupun bütün üzvlərinin əməllərinə hüquqi qiymət veriləcək və müvafiq prosessual icbari tədbirlər görüləcək. Cinayətkar qrupun təxribatlarına uymamağa və yalnız qanunlara tabe davranış nümayiş etdirməyə çağırırıq”, – deyə İstintaq Komitəsinin bəyanatında bildirilir.