Bakı. Trend:
Bakı. Trend:
Türkiyə Milli Müdafiə Universitetinin (MMU) rektor müavini professor Serdar Salmanın rəhbərliyi ilə qardaş ölkənin MMU Quru Qoşunları Hərbi İnstitutunun rəhbər heyəti və "Qərargahın idarə olunması kursu"nun dinləyiciləri ölkəmizdə səfərdədir.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, türkiyəli qonaqlar əvvəlcə Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edərək əklil və gül dəstələri qoyub, xatirələrinə dərin ehtiram nümayiş etdiriblər.
Daha sonra MMU rektoru general-mayor Gündüz Əbdülov Türkiyə
nümayəndə heyəti ilə görüşüb.
Qonaqları salamladıqdan sona rektor Azərbaycanın hərbi təhsil
sistemində həyata keçirilən uğurlu islahatlar, qabaqcıl beynəlxalq
təcrübə nəzərə alınmaqla tətbiq edilən yeniliklər barədə ətraflı
məlumat verib.
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının dostluq, qardaşlıq və
müttəfiqlik münasibətləri üzərində qurulduğunu bildirən
general-mayor G.Əbdülov bu müttəfiqliyin hər iki ölkədə hərbi
təhsilin inkişafına verdiyi faydalardan danışıb.
Professor S.Salman isə öz növbəsində göstərilən səmimi münasibətə və qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Təcrübə mübadiləsi məqsədilə qarşılıqlı səfərlərin vacibliyini diqqətə çatdırıb.
Görüşdə Azərbaycan Ordusunda hərbi təhsil sahəsində tətbiq
edilən islahatların müsbət nəticələri və digər məsələlər ətrafında
geniş fikir mübadiləsi aparılıb, qonaqları maraqlandıran suallar
cavablandırılıb.
Sonda MMU və tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin
yaranma tarixləri, təhsil sistemi və tədris prosesi, eləcə də elmi
fəaliyyətləri haqqında brifinq təqdim olunub.