Bakı. Trend:
Dövlət Proqramına qəbul çərçivəsində II mərhələ sayılan müsahibə mərhələsinə bu gündən (25 iyun 2025-ci il tarixindən) etibarən start verilir.
Trend xəbər verir ki, bunu Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə qəbulun müsahibə mərhələsinin başlaması ilə əlaqədar keçirilən tədbir çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, müsahibə mərhələsinə dair məlumatlar namizədlərin portal.edu.az-da yer alan şəxsi kabinetləri üzərindən bildiriləcək.
"Müsahibə zamanı verilən qiymətin yuxarı həddi 50 baldır. Minimum 40 bal toplamış namizədlər meyarlara uyğun hesab edilir və müsabiqədə iştirak hüququ qazanır. Prezidentin 12 avqust 2024-cü il tarixli, 248 nömrəli Sərəncamı rəhbər tutularaq Dövlət Proqramına qəbul üzrə kvota sayı 500 nəfər müəyyən olunub ki, kvotanın 25 faizindən çox olmayan hissəsi bakalavriat səviyyəsini, 20 faizindən çox olmayan hissəsi doktorantura, qalan hissəsi isə magistratura səviyyəsini əhatə edəcək".