...

İran region ölkələri arasında əməkdaşlığı gücləndirmək üçün heç bir səyi əsirgəməyəcək – XİN

Dünya xəbərləri Materials 25 İyun 2025 12:37 (UTC +04:00)
İran region ölkələri arasında əməkdaşlığı gücləndirmək üçün heç bir səyi əsirgəməyəcək – XİN
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran sülh və sabitliyin təmin olunması məqsədilə region ölkəkləri arasında əməkdaşlığın gücləndirilməsi üçün heç bir səyi əsirgəməyəcək.

Trend-in məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai Körfəz Ərəb Əməkdaşlıq Şurasının İranın Qətərdə yerləşən “Əl-Üdeyd” ABŞ bazasına hücumu ilə əlaqədar bəyanatına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, İranın ABŞ-nin Qətərdə yerləşən “Əl-Üdeyd” hərbi bazasına hücumu BMT nizamnaməsinin 51-ci müddəasına uyğun olaraq öz qanuni müdafiə haqqının tətbiq olunması istiqamətində ABŞ-nin İrana hərbi təcavüzünə cavab olaraq həyata keçirilib və heç bir halda dost və qardaş Qətər dövlətinə qarşı addım kimi hesab olunmamalıdır.

Bəqai bildirib ki, ərəb və müsəlman ölkələrin İranla həmrəyliyi, İranın ərazi bütövlüyü və suverenliyi ilə bağlı mövqeləri təqdirəlayiqdir.

“İran Fars körfəzinin cənub hissəsindəki bütün ölkələr, o cümlədən, Qətərlə dostluq və yaxşı qonşuluq münasibətlərini gücləndirmək üçün ciddi iradəyə sahibdir”, - deyə o qeyd edib.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.

Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Qeyd edək ki, 22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv edildiyi qeyd olunub.

Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəki hərbi bazasına hava zərbələri endirib.

Bu gün İsrail baş nazirinin ofisi İsrail hökumətinin ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə İranla atəşkəsə razılaşdığını elan edib.

İranın Ali Milli Təhlükəsizlik Şurası da bəyanat yayaraq hücumların dayandırıldığını qeyd edib.

Xəbər lenti

Xəbər lenti