Bakı. Trend:
2025/2026-cı tədris ili üçün “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”na (bundan sonra – Dövlət Proqramı) çərçivəsində bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə sənəd qəbulu mərhələsi başa çatıb.
Trend xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 10 aprel - 15 iyun tarixləri ərzində davam etmiş sənəd qəbulu mərhələsi çərçivəsində Dövlət Proqramına dünyanın 19 ölkəsinə aid 94 ali təhsil müəssisəsi üzrə 1147 namizəd müraciət edib:
"Xüsusi vurğulamaq istərdik ki, müraciət edən gənclərin 310-u dünya reytinq cədvəllərində ("Times Higher Education", "QS World University Rankings", “Academic Ranking of World Universities (Shanghai)”) ilk top10-da yer tutan ali təhsil müəssisələrindən qəbul əldə edərək Dövlət Proqramına müraciət etmişdir.
Namizədlər tərəfindən daha çox müraciət olunan ölkələr sırasında Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Türkiyə Respublikası, Amerika Birləşmiş Ştatları, Avstraliya İttifaqı, İtaliya Respublikası yer alır. Namizədlərin seçimlərinə əsasən daha çox müraciət olunan ixtisas istiqamətləri isə informasiya texnologiyaları, dövlət idarəetməsi, mühəndislik, iqtisadiyyat, maliyyə kimi ixtisas istiqamətlərini qeyd etmək olar.
Məlumat üçün bildirmək istərdik ki, müvafiq qaydalara əsasən
Dövlət Proqramının iştirak tələblərinə cavab verən və I mərhələdə
sənədlərini uğurla təqdim edən namizədlər II mərhələdə, yəni
müsahibə mərhələsində iştirak edirlər.
Beləliklə, Dövlət Proqramına qəbul çərçivəsində II mərhələ sayılan
müsahibə mərhələsinə bugündən (25 iyun 2025-ci il
tarixindən) etibarən start verilir. Müsahibə mərhələsinə
dair məlumatlar namizədlərin portal.edu.az-da yer alan şəxsi
kabinetləri üzərindən bildiriləcəkdir. Müsahibə zamanı verilən
qiymətin yuxarı həddi 50 baldır. Minimum 40 bal toplamış namizədlər
meyarlara uyğun hesab edilir və müsabiqədə iştirak hüququ
qazanır.
Məlumat üçün qeyd edək ki, cənab Prezidentin 12 avqust 2024-cü il tarixli, 248 nömrəli Sərəncamı rəhbər tutularaq Dövlət Proqramına qəbul üzrə kvota sayı 500 nəfər müəyyən olunmuşdur ki, kvotanın 25 faizindən çox olmayan hissəsi bakalavriat səviyyəsini, 20 faizindən çox olmayan hissəsi doktorantura, qalan hissəsi isə magistratura səviyyəsini əhatə edəcək.
Qeyd edək ki, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil
müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün
Dövlət Proqramı” 2022-ci ildən etibarən həyata keçirilir. Proqram
çərçivəsində ümumilikdə 1252 nəfər tələbə təhsil almaq
hüququ qazanıb.
Proqram iştirakçılarından 196 nəfər müvafiq
beynəlxalq reytinq cədvəllərində ("Times Higher Education", “QS
World Unıversıty Rankings” və “Academic Ranking of World
Universities (Shanghai)”) universitetlər üzrə
top10-da yer alan ali təhsil müəssisələrində
təhsil almaq hüququ qazanıb. Proqram çərçivəsində təhsilini
başa vuraraq ölkəyə qayıdan 351 nəfər Dövlət Proqramı
məzunu adını qazanıb".