Bakı. Trend:
10 aprel - 15 iyun tarixləri ərzində davam etmiş sənəd qəbulu mərhələsi çərçivəsində Dövlət Proqramına dünyanın 19 ölkəsinə aid 94 ali təhsil müəssisəsi üzrə 1147 namizəd müraciət edib.
Trend xəbər verir ki, bunu Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə qəbulun müsahibə mərhələsinin başlaması ilə əlaqədar keçirilən tədbir çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, müraciət edən gənclərin 310-u dünya reytinq cədvəllərində ("Times Higher Education", "QS World University Rankings", “Academic Ranking of World Universities (Shanghai)”) ilk top10-da yer tutan ali təhsil müəssisələrindən qəbul əldə edərək Dövlət Proqramına müraciət edib.
Namizədlər tərəfindən daha çox müraciət olunan ölkələr sırasında Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Türkiyə Respublikası, Amerika Birləşmiş Ştatları, Avstraliya İttifaqı, İtaliya Respublikası yer alır. Namizədlərin seçimlərinə əsasən daha çox müraciət olunan ixtisas istiqamətləri isə informasiya texnologiyaları, dövlət idarəetməsi, mühəndislik, iqtisadiyyat, maliyyə kimi ixtisas istiqamətlərini qeyd etmək olar.