Bakı. Trend:
İran parlamenti bu gün İran hökumətinin Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlığını dayandırması ilə əlaqədar layihəni təsdiqləyib.
Trend-in məlumatına görə, bunu İran parlamentinin rəyasət heyətinin üzvü Əlirza Səlimi yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, parlamentin plenar iclasında İranın AEBA ilə əməkdaşlığının dayandırılması üzrə layihənin detalları araşdırılıb və təsdiqlənib.
Səlimi deyib ki, İran parlamentinin qəbul etdiyi qərara əsasən, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişlərinin yoxlamalar keçirmək üçün ölkəyə giriş icazəsi yoxdur. Yalnız İranın Ali Milli Təhlükəsizlik Şurası ölkənin dinc məqsədli nüvə fəaliyyəti və nüvə mərkəzlərinin təhlükəsizliyinə zəmanət verildiyini təsdiqlədiyi halda, agentlik müfəttişlərinin ölkəyə girişinə icazə verilə bilər.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.
Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.
Qeyd edək ki, 22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv edildiyi qeyd olunub.
Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəki hərbi bazasına hava zərbələri endirib.
Bu gün İsrail baş nazirinin ofisi İsrail hökumətinin ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə İranla atəşkəsə razılaşdığını elan edib.
İranın Ali Milli Təhlükəsizlik Şurası da bəyanat yayaraq hücumların dayandırıldığını qeyd edib.