...

Erməni revanşistlər layiqli cəzalarını alırlar: İrəvanda terrorçu şəbəkə ifşa olunub

Dünya xəbərləri Materials 25 İyun 2025 12:31 (UTC +04:00)
Erməni revanşistlər layiqli cəzalarını alırlar: İrəvanda terrorçu şəbəkə ifşa olunub
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanda illərlə ölkənin inkişafına mane olan revanşizm və radikalizmlə mübarizədə dönüş nöqtəsinə çevrilə biləcək siyasi-cinayət xarakterli, səs-küylü bir cinayət işi açılıb. Ermənistan İstintaq Komitəsi zorakılıq yolu ilə hakimiyyətin ələ keçirilməsinə yönəlmiş əlbirliyin üstünün açıldığını bəyan edib. İttihamların mərkəzində müxalif “Müqəddəs Mübarizə” hərəkatının rəhbəri, sabiq arxiyepiskop Baqrat Qalstanyan dayanır.

İstintaqın rəsmi versiyasına görə, Qalstanyan və tərəfdarları qanuni yollarla hakimiyyəti dəyişməyə nail ola bilmədikdə, 2024-cü ilin noyabrından etibarən terror xarakterli hərəkətlərə hazırlıqlara başlayıblar. Söhbət sadəcə mitinqlərdən və ya vətəndaş itaətsizliyi aksiyalarından yox, ölkədə qeyri-sabitlik yaratmaq üçün dəqiq planlaşdırılmış bir əməliyyatdan gedir. Planlara əsasən, Ermənistanın müxtəlif yaşayış məntəqələrində 36 saat ərzində xaos yaradılmalı, bu da zorakılıqla hakimiyyətin ələ keçirilməsi üçün bir bəhanə olmalı idi.

İstintaq Komitəsinin məlumatına görə, hərəkat daxilində hər biri 25 nəfərədək olan 250-yə yaxın zərbə dəstəsi yaradılıb. İstintaqçılar iddia edirlər ki, bu dəstələr bir-biri ilə əlaqələndirilmədən, müstəqil şəkildə fəaliyyət göstərməliymiş ki, ümumi uğursuzluq riskindən qaçmaq mümkün olsun. Dəstələrin tərkibinə keçmiş hərbçilər və xüsusi xidmət orqanlarının əməkdaşları cəlb edilməli, əsas zərbə hökumət binası qarşısında keçiriləcək mitinqdən başlanmalı imiş.

Açıq desək, bu, sadəcə hakimiyyətə təzyiq cəhdi deyil – bu, Ermənistan dövlətçiliyinin sarsıdılması cəhdidir. Son günlərdə baş verən kütləvi həbslər onu göstərir ki, məsələ heç də simvolik yox, tam real xarakter daşıyır. Bundan da önəmlisi, istintaqın iddiasına görə, 2025-ci ilin yanvarından etibarən aktiv hazırlıq mərhələsi başlayıb – avadanlıqların, xəritələrin alınması, şəhər infrastrukturuna dair məlumatların toplanması, minə yaxın şəxsin “verbovkası” (cəlb edilməsi) prosesi aparılıb.

Lakin Qalstanyan işi təkcə sui-qəsd məsələsi ilə məhdudlaşmır. Bu, Ermənistan siyasətində onilliklərdir ölkəni illüziya tələsinə salan revanşizmin özüdür. Baqrat Qalstanyan, Robert Koçaryan, Serj Sarqsyan – onların hər biri sülhdən, əməkdaşlıqdan, inkişafdan imtinanın simvoluna çevriliblər. Onlar Azərbaycanla sülh müqaviləsinə qarşı çıxır, hüquqi və mənəvi əsasdan tamamilə məhrum olan ərazi iddialarını alovlandırmağa davam edirdilər. Onların cəmiyyətə təklif etdiyi yol – keçmişə, münaqişəyə, təcridə və gərginliyə qayıdış idi.

Onlar, eyni zamanda, Qarabağda Ermənistan adına törədilmiş cinayətlərə görə məsuliyyət daşıyırlar. Hərbi cinayətlər, etnik təmizləmə, yüz minlərlə azərbaycanlının didərgin salınması... Robert Koçaryan, Serj Sarqsyan və onlar kimi digər bu təcavüzün təşkilatçıları və ilhamvericiləri olaraq beynəlxalq ədalət məhkəməsi qarşısında cavab verməlidirlər.

Bugünkü Ermənistan nə 10 il, nə də 5 il əvvəlki Ermənistandır. Cəmiyyət müharibədən və “əbədi qurban” ritorikasından boğaza yığılıb. O, sülh, yollar, iqtisadiyyat və gələcək istəyir. Baş nazir Nikol Paşinyan bu gün getdikcə daha qətiyyətlə Azərbaycanla yekun nizamlanma yolunu tutur. Bu yol daxili ixtilaflarla müşayiət olunsa da, dəyişikliklərə tələbin olduğunu göstərir.

Bir vacib faktı da qeyd edək: müxalifətçilərin həbsinin ardınca kütləvi etirazlar baş vermədi. Bu isə bir şeyi göstərir – Ermənistan xalqı ayılmağa başlayır. O anlayır ki, dini və “milli mübarizə” pərdəsi arxasında gizlənən Qalstanyan kimiləri ölkəni dirçəlişə yox, məhvə sürükləyir.

Qalstanyan səs-küylü cinayət işi təkcə cinayət prosesi yox, revanşizm dövrünün sonunun rəmzinə çevrilə bilər. Revanşistlər öz layiqli cəzalarını almağa başlayırlar. Bu, təkcə hüquqi məsələ deyil – həm də tarixi ədalət məsələsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti