...

“8 Noyabr” Elektrik Stansiyası Azərbaycanın enerji sektorunda növbəti keyfiyyət mərhələsidir - Deputat

İqtisadiyyat Materials 25 İyun 2025 14:59 (UTC +04:00)
“8 Noyabr” Elektrik Stansiyası Azərbaycanın enerji sektorunda növbəti keyfiyyət mərhələsidir - Deputat

Bakı. Trend:

2025-ci ilin iyunun 24-də Mingəçevirdə Prezident İlham Əliyevin iştirakı ilə “8 Noyabr” Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirildi. Bu mühüm enerji obyektinin istifadəyə verilməsi təkcə texnoloji yenilik deyil, həm də Azərbaycanın müasir tarixində simvolik bir mərhələdir. Adını Vətən Müharibəsində əldə edilmiş Zəfər günündən alan stansiya ölkənin enerji müstəqilliyinə və dayanıqlı inkişaf strategiyasına xidmət edən önəmli addımlardan biridir.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib .

Deputat bildirib ki, “8 Noyabr” Elektrik Stansiyası 1800 meqavat gücündə olmaqla, ölkənin ən iri istilik elektrik stansiyadır: “Bu stansiyanın müasir texnologiyalarla təchiz olunması nəticəsində yanacaq sərfiyyatı azaldılır, karbon emissiyaları isə beynəlxalq standartlara uyğun şəkildə minimuma endirilir. Yüksək səmərəlilik və çevik enerji istehsalı imkanları sayəsində bu stansiya ölkə daxilində elektrik enerjisinə olan tələbatın sabit ödənilməsinə, ixrac potensialının artırılmasına şərait yaradır”.

A.Həsənova qeyd edib ki, Azərbaycan son illərdə enerji sektorunun modernləşdirilməsi və diversifikasiyası istiqamətində ciddi addımlar atır.

“Ölkə həm neft-qaz resurslarına əsaslanan enerji istehsalı, həm də bərpa olunan enerji mənbələrinin inkişafı ilə balanslı enerji siyasəti yürüdür. son illərdə Azərbaycanda bərpaolunan enerjiyə böyük investisiyalar yatırılır və eyni zamanda, bu sahədə geniş investisiya imkanları mövcuddur. 2030-cu ilə qədər ümumi enerji balansında bərpa olunan mənbələrin payının 30%-ə çatdırılması hədəflənir. Bu istiqamətdə Qaradağda günəş elektrik stansiyası, Zəngilanda və Laçında külək və hidroelektrik layihələr həyata keçirilir”.

Deputat bildirib ki, Azərbaycanın elektrik enerjisi Gürcüstan, Türkiyə, İran və Rusiya kimi qonşu ölkələrə ixrac olunur. “Regional enerji təhlükəsizliyində Bakı mühüm aktora çevrilib. Köhnə istilik stansiyalarının modernləşdirilməsi, müasir idarəetmə sistemlərinin tətbiqi enerji istehsalında effektivliyi və şəffaflığı artırıb”.
A.Həsənova əlavə edib ki, “8 Noyabr” Elektrik Stansiyasının Zəfər gününün adı ilə adlandırılması sadəcə rəsmi qərar deyil – bu, Azərbaycanın milli qürurunu, müstəqilliyini və öz resursları ilə gələcəyini qurmaq iradəsini təcəssüm etdirir. “Bu stansiya həm də postmüharibə dövründə Azərbaycanın iqtisadi dirçəlişinin və infrastruktur yenilənməsinin bariz nümunəsidir.

“8 Noyabr” Elektrik Stansiyası Azərbaycanın enerji sektorunda növbəti keyfiyyət mərhələsidir. Bu, yalnız texniki layihə deyil – siyasi iradə, iqtisadi-strateji baxış və ekoloji məsuliyyətin uzlaşdırıldığı bir uğur nümunəsidir. Azərbaycan bu addımlarla regionda enerji təhlükəsizliyinin təminatçısı olmaqla yanaşı, qlobal çağırışlara cavab verə bilən müasir enerji dövləti kimi mövqeyini daha da möhkəmləndirir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti