Bakı. Trend:
23 iyun 2025-ci il tarixində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində (İRİA) Rəqəmsal hökumət arxitekturası İşçi qrupunun görüşü keçirilib.
Trend xəbər verir ki, görüşdə işçi qrupun rəhbərliyi, üzvləri və bir sıra dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Görüş zamanı İRİA-nın aidiyyəti nümayəndələri tərəfindən “Rəqəmsallaşma səviyyəsinin diaqnostikasının həyata keçirilməsi Qaydaları” layihəsi və “Elektron Hökumət İnformasiya Sistemlərində (EHİS) fəaliyyət davamlılığının inkişafı” mövzularında ətraflı təqdimatlar nümayiş etdirilib. Çıxışlarda rəqəmsal xidmətlərin effektivliyinin artırılması, mövcud sistemlərin etibarlılığının təmin edilməsi və dövlət qurumları arasında inteqrasiyanın möhkəmləndirilməsi məsələlərinə toxunulub.
Tədbirin sonunda birgə fəaliyyət planı və gələcək addımlar üzrə müzakirələr aparılıb. İştirakçılar tərəfindən suallar cavablandırılıb, rəy və təkliflər səsləndirilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 16 yanvar 2025-ci il tarixində imzalanan 287 nömrəli Fərmanla “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası” təsdiqlənib. İşçi qrupunun görüşü də məhz bu Konsepsiyanın uğurlu icrası üçün vahid koordinasiyanın təşkil edilməsi məqsədilə baş tutub.