Bakı. Trend:
Britaniya-Niderland neft və qaz nəhəngi “Shell” Britaniyanın “BP plc” şirkətini almaqla bağlı danışıqlar apardığına dair mətbuatda yayılan məlumatları təkzib edib.
Trend xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb.
“Shell”in rəsmi açıqlamasında qeyd olunub: “Heç bir danışıqlar aparılmır. Şirkət böyük satınalmalar vasitəsilə deyil, mövcud əməliyyatlarının gücləndirilməsi yolu ilə böyüməyə fokuslanıb”.
Qeyd edək ki, daha əvvəl “Shell”in baş direktoru Vael Savan bildirib ki, şirkət əldə etdiyi vəsaiti “BP” ilə razılaşmaya deyil, daha çox öz səhmlərinin geri alınmasına sərf etməyi planlaşdırır.
Xatırladaq ki, “The Wall Street Journal” (WSJ) məlumatlı mənbələrə istinadən “Shell”in “BP” ilə satınalma danışıqlarının ilkin mərhələsində olduğunu yazmışdı.