Bakı. Trend:
Qəzzada leysan yağışlarının səbəb olduğu daşqınlar və torpaq sürüşmələri ilə əlaqədar azı 12 nəfər həyatını itirib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Fələstin anklavında təbii fəlakət azı 13 binanın çökməsinə səbəb olub. Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir, dağıntılar altında sağ qalanların ola biləcəyi istisna edilmir.
Fırtına nəticəsində qaçqın düşərgələri su altında qalıb, o cümlədən Qəzza sektorunun cənubunda, Xan-Yunis şəhəri yaxınlığında yerləşən humanitar zona Əl-Məvasi də sel sularına qərq olub.
27 mindən çox məcburi köçkün çadırı güclü külək və sel nəticəsində ya dağılıb, ya da tam yararsız hala düşüb. Təbii fəlakət anklavın mərkəzində yerləşən Nuseyrat bazarını, eləcə də Qəzza şəhərindəki liman rayonunu da əhatə edib.
