...

Asiya İnkişaf Bankı Orta dəhlizlə bağlı layihələrə qoyulmuş investisiyaların həcmini açıqlayıb

İqtisadiyyat Materials 25 İyun 2025 19:19 (UTC +04:00)
Asiya İnkişaf Bankı Orta dəhlizlə bağlı layihələrə qoyulmuş investisiyaların həcmini açıqlayıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) Orta dəhizin inkişafı ilə bağlı 24 layihənin gerçəkləşdirilməsinə 2001-ci ildən bəri 4 milyard dollara yaxın vəsait ayırıb.

Trend xəbər verir ki, bunu Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya üzrə departamentinin baş direktoru Yevgeniy Jukov Pekinda Asiya İnfrastruktur İnvestisiyaları Bankının illik toplantısı çərçivəsində keçirilən panel müzakirələrinin gedişində deyib.

“Asiya İnkişaf Bankı 2001-ci ildə CAREC Proqramının təsis olunmasından bəri dəhlizin inkişafına investisiya qoyur. Bank CAREC Proqramı çərçivəsində “Dəhliz-2” in, o cümlədən Mərkəzi Asiya və Cənubi Qafqazda quru yol və dəmir yol infrastrukturunun inkişafı ilə bağlı 24 layihənin gerçəkləşdirilməsinə təxminən 4 milyard dollar ayırıb”,- deyə o bildirib.

Onun sözlərinə görə, AİB Orta Dəhlizin/CAREC Dəhliz-2 nin inkişafı ilə bağlı bir sıra layihələrdə Asiya İnfrastruktur İnvestisiyaları Bankı ilə əməkdaşlıq edir. Bu layihələrə Gürcüstanda Batumi dolama yolu və Xəzər dənizi üzərindən keçən təklif olunan “Yaşıl Enerji Dəhlizi” üzrə işlər daxildir.

“Orta Dəhliz Avropa ilə Asiya arasında alternativ marşrut rolunu oynayır. Bu nəqliyyat dəhlizi, əsasən, Mərkəzi Asiyada regional iqtisadi əməkdaşlığın altı dəhlizindən biri olan CAREC Dəhliz-2 ilə üst-üstə düşür. AİB bu dəhlizi Asiya ilə Avropa arasında əsas əlaqə halqası kimi qiymətləndirir. Son dövrlərdə baş verən xarici şoklar TransXəzər nəqliyyat marşrutunun strateji əhəmiyyətini daha da artırıb,” – deyə Jukov vurğulayıb.

Qeyd edək ki, Orta Dəhliz Çindən başlayaraq Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçir, sonra Xəzər dənizi üzərindən Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropaya çıxır. Orta Dəhliz daha uzunmüddətli dəniz yollarını əvəz edən, Asiyanın şərq bölgələrini, o cümlədən Çini Avropa ilə birləşdirən quru marşrutudur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti