Bakı. Trend:
İsrailin İrana hücumu zamanı məhdudlaşdırılan internetə çıxış bərpa olunub.
Trend-in məlumatına görə, bununla əlaqədar İranın rabitə və informasiya texnologiyaları naziri Səttar Haşemi İran vətəndaşlarına müraciətində qeyd edib.
Onun sözlərinə görə, İsrailin İrana hərbi hava hücumları ilə eyni zamanda ölkənin müxtəlif sektorlarına kiber hücumların edilməsinə başlanıb. Buna əsasən ölkədə internetə çıxış məhdudlaşdırılıb.
Haşemi deyib ki, ölkədə sakitliyin bərpa olunması ilə internetə çıxış əvvəlki vəziyyətə qaytarılmaqdadır.
İranlı nazir internetlə əlaqəli işlərin dayanması nəticəsində çoxlu zərərlər görən sektorların işçilərindən üzr istəyib.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.
Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.
Xatırladaq ki, 22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv edildiyi qeyd olunub.
Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəki hərbi bazasına hava zərbələri endirib.
Bu gün İsrail baş nazirinin ofisi İsrail hökumətinin ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə İranla atəşkəsə razılaşdığını elan edib.
İranın Ali Milli Təhlükəsizlik Şurası da bəyanat yayaraq hücumların dayandırıldığını qeyd edib.