...

Qvadelupun tam və ədalətli dekolonizasiyası hüquqi, iqtisadi, mədəni səviyyədə təmin olunmalıdır - Abbas Abbasov

Gündəm Materials 25 İyun 2025 11:02 (UTC +04:00)
Qvadelupun tam və ədalətli dekolonizasiyası hüquqi, iqtisadi, mədəni səviyyədə təmin olunmalıdır - Abbas Abbasov
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Konfransın əsas məqsədi XXI əsrdə Qvadelupun hələ də müstəmləkə əsarətində saxlanılmasının hüquqi, iqtisadi, sosial və mədəni aspektlərini, həmçinin beynəlxalq hüquq normalarına uyğun dekolonizasiya prosesinin sürətləndirilməsi yollarını müzakirə etməkdir.

Trend xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov “Qvadelupun Dekolonizasiyasına Doğru! Çağırışlar və Perspektivlər” beynəlxalq konfransının açılış mərasimində çıxışı zamanı deyib.

İcraçı direktor bildirib ki, müstəmləkə xalqlarının öz müqəddəratını təyinetmə hüququ beynəlxalq hüququn fundamental prinsipi kimi təsbit edilib:

“Hüquqi və siyasi baxımdan Qvadelupun Fransanın departamentinə çevrilməsi kolonializmin sonlandırılması deyil, onun yeni bir formaya salınması deməkdir. Bu hüquqi oyun vasitəsiyə ilə Fransa, Qvadelupu Birləşmiş Millətlər Təşkilatının dekolonizasiya olunacaq ölkələr siyahısından çıxarıb.
Qvadelupda yaranmış iqtisadi asılılıq və sosial bərabərsizlik Fransız müstəmləkəçilik siyasətinin törətdiyi fəsadlardır”.

A.Abbasov əlavə edib ki, burada işsizlik səviyyəsi 18-20 % civarında olmaqla Fransanın əsas hissəsinin göstəricilərindən üç dəfə yüksəkdir:

“ÜDM-nin təxminən 70%-i dövlət dəstəyi və subsidiyalar hesabına formalaşır ki, bu da Qvadelupu məqsədyönlü şəkildə iqtisadi asılıqda saxlamaq məqsədini daşıyır.

Mədəni sahədə aparılan sosial tədqiqatlar Qvadelup xalqının dil, tarix və mənəvi dəyərlərinin assimilyasiya siyasəti nəticəsində zəiflədiyini göstərir.

UNESCO-nun himayəsi altında olan Qvadelupa məxsus maddi və qeyri-maddi mədəni irsin qorunması və davamlı inkişafına yönəlmiş tədbirlərin hələ də geniş miqyaslı və strukturlaşdırılmış xarakter daşımadığı, mövcud fəaliyyətlərin isə əsasən lokal səviyyədə və kifayət qədər koordinasiya olunmamış şəkildə həyata keçirildiyi müşahidə olunur”.

BTQ rəsmisi qeyd edib ki, Bakı Təşəbbüs Qrupu müasir dünyada kolonializmin yeni formalarının mövcudluğunu qəbul etmir və Qvadelupun tam və ədalətli dekolonizasiyasının hüquqi, iqtisadi və mədəni səviyyədə təmin olunmasının zəruriliyini vurğulayır.

“Biz beynəlxalq hüquq norma və prinsiplərə əsaslanaraq, Qvadelup xalqının öz müqəddəratını təyin etmək hüququnu, onların sosial-iqtisadi inkişafını və mədəni bərpasını müdafiə edəcəyik”, - deyə o fikrini tamamlayıb.

Xəbər lenti

Xəbər lenti