Bakı. Trend:
Paris metrosunun 3-cü xəttində axşamüstü saatlarında bıçaqlı hücum baş verib. Silahlı şəxs “Arts-et-Métiers”, “République” və “Opéra” stansiyalarında bir neçə qadına hücum edib. Hadisələr yerli vaxtla saat 16:15–16:45 aralığında qeydə alınıb.
Trend xəbər verir ki, metro rəsmilərinin təsdiqlədiyi məlumata görə, hücum edən şəxs əvvəlcə “République” stansiyasında bir qadını bıçaqlayıb, daha sonra “Arts-et-Métiers” və “Opéra” stansiyalarında daha iki qadına hücum edib. Yaralanan qadınların vəziyyətinin stabil olduğu, həyatlarına təhlükə olmadığı bildirilir.
Hücumlardan sonra hadisə yerindən qaçan şəxs Parisin şimalında yerləşən Sarsel kommunasında saxlanılıb.
Hadisədən sonra metro xəttində təhlükəsizliyin gücləndirilməsi məqsədilə əlavə mühafizə qüvvələri cəlb olunub. Faktla bağlı istintaq aparılır, hüquq-mühafizə orqanları hücumun motivlərini araşdırır.
