Bakı. Trend:
“Ayntraxt Frankfurt”un prezidenti Matias Bek komandanın azarkeşlərinin son oyunlardakı davranışlarını sərt tənqid edib.
Trend xəbər verir ki, Bek “Spiegel” nəşrinə açıqlamasında Köln və Barselonada keçirilən səfər oyunlarında baş verən insidentlərin klub üçün ciddi ziyan yaratdığını və bir sıra cəzalarla nəticələndiyini bildirib.
Qeyd olunur ki, “Ayntraxt” azarkeşləri Çempionlar Liqasında “Barselona” ilə səfər oyunu zamanı pirotexniki vasitələrdən istifadə edib, qonaq sektoruna ziyan vurub və meydançaya əşyalar atıblar. UEFA buna cavab olaraq Frankfurt komandasına yanvarın 21-də “Qarabağ”a qarşı keçiriləcək oyunda azarkeşlərinə bilet satışını qadağan edib.
Bundan əlavə, klub Almaniya Futbol İttifaqının (DFB) İdman Məhkəməsinin qərarları ilə azarkeşlərin qeyri-etik davranışına görə bu il bir neçə yüz min avro cərimə ödəyib.
“Bu məni də son dərəcə qəzəbləndirir və uğur təhlükə altına düşürsə, tədbir görülməlidir”, – deyə M.Bek bildirib. O, azarkeşlərlə dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb və fanatların davranışına görə bütün azarkeşlərin cəzalandırılmasının düzgün olmadığını qeyd edib. Klub prezidenti hazırda vəziyyətin həlli üçün konkret tədbirlərin hazırlanmaqda olduğunu bildirib.
