Bakı. Trend:
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Xocavənd rayonunun Hadrut qəsəbəsinə növbəti köç prosesi gerçəkləşib, yola salınan ailələr doğma yurdlarına qovuşublar. Ailələrə evlərinin açarları təqdim olunub.
Trend xəbər verir ki, bu gün Hadrut qəsəbəsinə 13 ailə olmaqla, 51 nəfər qayıdıb.
Hadruta köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.
Açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.
Ailələr açarları sevinclə qəbul edərək, evlərində məskunlaşıblar.
xxx
13:20
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam etdirilir.
Trend-in Qarabağ bürosunun xəbərinə görə, qayıdış proqramına uyğun olaraq Ağdam rayonunun Xıdırlı kəndinə, Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Xocalı rayonunun Seyidbəyli kəndinə növbəti köç karvanı yola salınıb.
Bu mərhələdə Ağdam rayonun Xıdırlı kəndinə 64 ailə - 278 nəfər, Xocavənd rayonunun Hadrut qəsəbəsinə 13 ailə - 51 nəfər, Xocalı rayonunun Seyidbəyli kəndinə isə 11 ailə - 48 nəfər köçürülüb. Köç edənlər respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Doğma yurdlarına qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə təşəkkür edib, bu yolda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləyiblər.
Xəbər yenilənəcək
