...

Ödənişli parklanma yerlərində avtomobillərin sığortalanması təklif edilib

Cəmiyyət Materials 26 Dekabr 2025 11:36 (UTC +04:00)
Ödənişli parklanma yerlərində avtomobillərin sığortalanması təklif edilib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Son illərdə ölkəmizdə avtomobil sayının sürətlə artması şəhəriçi nəqliyyatın idarə olunmasını, eləcə də küçə parklanmasının səmərəli tənzimlənməsini zəruri edir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nəzarətində olan ödənişli parklanma yerlərində avtomobillərin fiziki təhlükəsizliyi və sığortalanması məsələsi isə bu gün aktual hüquqi boşluqlardan biridir.

Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Vasif Qafarov parlamentin bugünkü plenar iclasında deyib.

Millət vəkili bildirib ki, ödənişli parklanma xidmətinin sığorta mexanizmi ilə təmin edilməsi həm hüquqi, həm də sosial baxımdan zəruridir:

“Ödənişli parklanma yerlərində sığorta mexanizminin tətbiq edilməməsi bir sıra ciddi mənfi nəticələr doğurur. Ən əsas problem ondan ibarətdir ki, vətəndaş parklanma üçün ödəniş etdiyi halda, parklanma yerində avtomobilinə dəyən zərərə görə, o, heç bir təminat almır. Ödənişli park yerinə qoyulan avtomobilə başqa bir şəxs və ya nəqliyyat vasitəsi zərər vurduqda və ya təbiət hadisələri nəticəsində, məsələn, güclü külək zamanı ağacın avtomobilin üzərinə aşması kimi hallarda parklanma xidməti ödənişli olmasına baxmayaraq, yenə də zərərin ödənilməsi avtomobil sahibinin üzərinə düşür. Bu isə həm istehlakçı hüquqlarının pozulmasına, həm də göstərilən xidmətin mahiyyətinin formaldan kənara çıxmasına səbəb olur. Bu kimi situasiyalar vətəndaşın ödədiyi xidmət haqqının mahiyyətinə uyğun təminat ala bilməməsi ilə nəticələnir və bu kimi hallar sığorta mexanizminin tətbiqini daha da zəruri edir".

Deputat vurğulayıb ki, mövcud vəziyyət həm sosial narazılıq yaradır, həm də ödənişli parklanma sisteminə olan ictimai etimadı zəiflədir:

“Buna görə də qanunvericilikdə müvafiq dəqiqləşmələr aparılmalı və parklanma xidmətlərində sığorta məsuliyyəti aydın şəkildə müəyyən olunmalıdır. Bu məqsədlə təklif edirəm ki, ödənişli parklanma xidmətləri üzrə avtomobillərin təhlükəsizliyinə dair məsuliyyət qanunvericilikdə aydın şəkildə təsbit edilsin, parklanma haqqına minimal sığorta komponenti inteqrasiya edilsin və sürücülərlə bağlanan parklanma müqavilələrinə sığorta şərtləri açıq şəkildə daxil edilsin”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti