Bakı. Trend:
Məqsədimiz Azərbaycanla da qarşılıqlı güzəştlərə əsaslanan, daha geniş imkanlar yaradan azad ticarət sazişinə nail olmaqdır.
Trend xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı Səfirliyinin Ticarət Başmüşaviri Gülizar Yavaş bu gün Bakıda "Türkiyə bazarına çıxış: İxrac, hüquqi və praktiki aspektlər" mövzusunda keçirilən tədbirdə deyib.
O bildirib ki, ümumi mənzərəyə baxdıqda, Azərbaycan və Türkiyə arasında təxminən 8 milyard dollarlıq ticarət dövriyyəsinin böyük hissəsini enerji sektoru təşkil edir:
"Türkiyə tərəfi olaraq istəyimiz odur ki, ölkələrimiz arasında mövcud olan ikili münasibətlər, müttəfiqlik və qardaşlıq əlaqələri ticarətə və investisiyalara da real şəkildə əks olunsun.
Hər iki ofisin əsas vəzifəsi məhz bu sahədə əməkdaşlığı inkişaf etdirməkdir və bütün məsuliyyətlərimiz də bu istiqamətdə davam edir. Hazırda Türkiyə ilə Azərbaycan arasında azad ticarət sazişi mövcud deyil. Müzakirələr davam etsə də, hazırda qüvvədə olan preferensial ticarət sazişi var. Bu saziş çərçivəsində əvvəlcə 30 məhsulu əhatə edən siyahı sonradan 50 məhsula qədər genişləndirilib. Siyahının əsas hissəsini kənd təsərrüfatı məhsulları təşkil edir. Azərbaycan tərəfinin tələbləri də əsasən kənd təsərrüfatı məhsulları üzərində formalaşıb. Bununla yanaşı, siyahıya bəzi sənaye məhsulları da daxil edilib.
Qarabağla bağlı xüsusi razılaşma çərçivəsində Türkiyə tərəfindən birtərəfli güzəştlər, vergi endirimləri və ya sıfır gömrük rüsumu ilə idxal edilə bilən məhsullar üzrə ayrıca siyahı mövcuddur. Bu, xüsusi razılaşma olduğu üçün açıq mənbələrdə tapmaq mümkün deyil".
O xatırladıb ki, Bakıda Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclası keçirildi:
"Həmin iclasda 110 maddədən ibarət fəaliyyət planı imzalandı. Bu plan əvvəlki dövrdə görülən işləri əhatə etməklə yanaşı, növbəti ilin hədəflərini də müəyyən edir. Enerji, təhsil, ticarət və digər sahələrdə əməkdaşlıq istiqamətləri və konkret tədbirlər nəzərdə tutulur.
Bu o deməkdir ki, iki ölkə arasında istər nəqliyyat, istər enerji, istərsə də digər sahələrdə əməkdaşlıq genişləndikcə, bunun ticarət dövriyyəsinə də müsbət təsir göstərməsi gözlənilir. Çünki bu əməkdaşlıqlar xammal tədarükünü, investisiyaları və xidmət ticarətini də əhatə edir. Artıq ticarət yalnız mallarla məhdudlaşmır, mal və xidmət ticarəti birlikdə nəzərdən keçirilir".
Səfirlik rəsmisi vurğulayıb ki, Türkiyədən Azərbaycana maraq olduqca yüksəkdir:
"Mən vəzifəyə başlayandan bəri cəmi 5 ay ərzində 12 iş adamı heyəti qəbul etmişik. Bunlardan biri də İstanbul Sənaye Palatasının (İSO) nümayəndə heyəti idi. Türkiyə istehsalının təxminən 70 faizini məhz bu sənayeçilər həyata keçirir. Keçən ay Azərbaycana 150-yə yaxın nümayəndə heyəti ilə gəldilər. Bu qrup Türkiyənin ən böyük investorlarını, sənayeçilərini, ixracatçı və idxalçılarını bir araya gətirirdi.
Onların bir çoxu Azərbaycanın bazarına ilk dəfə gəldiklərini bildirdilər. Bu da göstərir ki, Azərbaycan getdikcə daha cəlbedici bazara çevrilir. Türkiyəli iş adamlarının marağı artdıqca, Azərbaycanlı sahibkarların da Türkiyə ilə əməkdaşlığa marağının yüksəlməsi qaçılmazdır. Çünki bu münasibətlər qısamüddətli alqı-satqı deyil, uzunmüddətli və davamlı əməkdaşlıqlar üzərində qurulmalıdır.
Ofislərimiz hər iki ölkənin sahibkarlarına bu əlaqələrin qurulmasında və mövcud problemlərin həllində dəstək olmağa çalışır. Bu məqsədlə birgə mexanizmlərin yaradılmasını vacib hesab edirik. 1 dekabr tarixində Azərbaycanın iqtisadiyyat naziri cənab Mikayıl Cabbarov ilə keçirilən görüşdə də bu məsələ müzakirə olunub və texniki işçi qrupunun yaradılması təklif edilib. Məqsəd həm ikitərəfli investisiya və ticarət əlaqələrinin inkişafı, həm də zərurət yaranarsa üçüncü ölkələrdə birgə əməkdaşlıq imkanlarının araşdırılmasıdır".
Gülizar Yavaş qeyd edib ki, müşahidələrə əsasən, Azərbaycanın istehsal və ixrac potensialı, xüsusilə kənd təsərrüfatı sahəsində, Türkiyənin daha çox qoruduğu sahələrlə üst-üstə düşür:
"Sənaye məhsulları üzrə isə həm Azərbaycan, həm də Türkiyə üçün
Çinlə qiymət rəqabəti ciddi problem olaraq qalır. Bu səbəbdən
qarşılıqlı ticarətdə bəzən istənilən qiymət üstünlüyünü əldə etmək
çətinləşir.
Türkiyənin Avropa İttifaqı ilə Gömrük İttifaqı sazişi mövcuddur və
bu çərçivədə 27 ölkə üçün bir çox məhsul üzrə gömrük rüsumları
sıfırlanıb. Bu o deməkdir ki, Azərbaycandan Türkiyə bazarına daxil
olan məhsullar həmin ölkələrin məhsulları ilə sıfır rüsum
şəraitində rəqabət aparmalı olur. Eyni zamanda Türkiyənin Misir,
Mərakeş və digər ölkələrlə də çoxsaylı azad ticarət sazişləri
mövcuddur.
Məqsədimiz Azərbaycanla da qarşılıqlı güzəştlərə əsaslanan, daha geniş imkanlar yaradan azad ticarət sazişinə nail olmaqdır".
"Bu cür sazişlər preferensial ticarət razılaşmalarından daha geniş üstünlüklər təqdim edir. Lakin bunun üçün hər iki ölkənin sektorlarının və dövlət qurumlarının razılaşmalı olduğu bir sıra məsələlər var.
İlk müzakirələr 2024-cü ildə başlayıb, 2025-ci ildə texniki mərhələyə keçilib. Əgər əsas danışıqlar 2026-cı ildə başlasa, bu uzunmüddətli prosesdə mühüm irəliləyiş əldə etmək mümkün olacaq. Xüsusilə yenidən qurulan bölgələr, o cümlədən Qarabağla bağlı Türkiyənin birtərəfli təqdim etdiyi ciddi güzəştlər mövcuddur. Qarabağda istehsal edilən məhsulların Türkiyə bazarına çıxarılması üçün əhəmiyyətli üstünlüklər yaradılıb", - o əlavə edib.
