...

Yeni sərhəd siyasəti müasir təhlükəsizlik çağırışlarını nəzərə almağa məcburdur - Zahid Oruc

Siyasət Materials 26 Dekabr 2025 11:23 (UTC +04:00)
Yeni sərhəd siyasəti müasir təhlükəsizlik çağırışlarını nəzərə almağa məcburdur - Zahid Oruc
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

2020-ci ildə başlayan pandemiyadan sonra sərhədlərimizdə hərəkətin məhdudlaşdırılması qərarı məcburi olmaqla, dövlətimizin təhlükəsizlik çağırışlarına verdiyi reaksiya idi.

Trend xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin bugünkü plenar iclasında deyib.

Komitə sədri vurğulayıb ki, 5 ildir davam edən belə vəziyyət regional ticarətin genişlənməsini məhdudlaşdırır, tranzit və logistika potensialının tam reallaşmasına mane olur, yüklərin daha uzun və baha marşrutlarla daşınmasına səbəb olur.

“Regional inteqrasiyanın ləngiməsi Cənubi Qafqazda vahid iqtisadi məkanın yaranmasını əngəlləyir. Azərbaycan–Türkiyə–Mərkəzi Asiya xəttində logistik deyil, ticari fasilə yaradır. Xüsusilə, gələcəkdə Orta Dəhliz, Şərq–Qərb və Şimal–Cənub nəqliyyat xətləri kontekstində kommunikasiyaların açılması iqtisadi baxımdan faydalı olacaq.

Digər tərəfdən, yalnız hava nəqaliyyatı ilə hərəkətə icazə ailə və yaxınlararası humanitar əlaqələri zəiflədir, transsərhəd regionlarda yaşayan sakinlərin gündəlik ticarət və əmək imkanlarına ziyan vurur, əlavə xərclər yaradır. Hamının təyyarə nəqliyyatından yararlanmaq imkanı yoxdur. Tələbələr ən həssas təbəqədir. Sıxıntılar cəmiyyət tərəfindən ciddi hiss olunur və onların tələbləri başa düşüləndir”.

Millət vəkili vurğulayıb ki, sərhədlər yalnız iqtisadiyyat və logistika mövzusu deyil, dövlətin təhlükəsizliyi, suverenliyi və gələcəyi ilə birbaşa bağlı olan strateji məsələdir:

“Azərbaycan tarixinin mürəkkəb dövrlərindən keçərək qalib, suveren və regional güc kimi çıxış edir. Prezident İlham Əliyevin yaratdığı yeni tarixi və geosiyasi reallıq bizdən emosional yox, məsuliyyətli və uzaqgörən münasibət tələb edir.

Ölkəmiz Qafqazlarda sərhədlərin tam açılmasına, regional əməkdaşlığa və sülhə xidmət edən əsas təşəbbüskar dövlətdir. Yeni sərhəd siyasəti müasir təhlükəsizlik çağırışları, regional müharibələr və beynəlxalq gərginliyi nəzərə almağa məcburdur”.

Z.Oruc əlavıə edib ki, digər vacib məqam İranla bağlı beynəlxalq siyasi və hərbi gərginliyin artmasıdır.

“İsraillə 12 günlük müharibə və yenidən savaş perspektivi regionda qeyri-sabitlik riskini gücləndirir, mümkün sanksiyalar və hərbi eskalasiyalar fonunda sərhədyanı təhlükəsizlik tədbirlərini zəruri edir”, - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti