Bakı. Trend:
Tıxac probleminin tam həlli üçün daha yeni istiqamətlər mütləq düşünülməlidir.
Trend xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa parlamentin bugünkü plenar iclasında deyib.
Komitə sədri vurğulayıb ki, hazırda Qarabağa əhalinin qayıdışı prosesi davam edir, lakin bu proses hələ bir müddət çəkəcək və şəhərin yükünün azalması qısa zamanda mümkün olmayacaq:
“Ona görə də sürüşkən iş rejiminə keçid məsələsini Avropa və digər ölkələrdə olduğu kimi biz də mütləq həll etməliyik. Məsələn, bəzi ölkələrdə iş saatları səhər 07:00-da başlayır və 16:00-da başa çatır. Elə sahələr var ki, onların bazar günü iş rejiminə keçməsi mümkündür; banklar və digər sektorlar isə bəzi günlər işləməyə bilər. Çünki sərbəst vaxtı olan əhali bu xidmətlərdən daha rahat istifadə edə bilər.
Bu yaxınlarda yayımlanan bir reportajda dövlət qulluqçularından biri müsahibəsində qeyd etmişdi ki, “mən 8 saat rəsmi işlə işləyirəm, 4 saat isə tıxac üçün”. Doğrudan da insanların böyük əksəriyyəti işə çatmaq üçün evdən 2 saat əvvəl çıxır, geri qayıdarkən də 2 saat vaxt itirir”.
Millət vəkili bildirib ki, heç olmasa Bakının tıxac problemi tam həll olunanadək vətəndaşların vəziyyətini yüngülləşdirmək üçün müəyyən addımlar atılmalıdır.
“Əgər bir insan sübut edirsə ki, işə gəlmək üçün yolda 2 saat vaxt itirir, heç olmasa ona işdən 1 saat tez çıxmaq imtiyazı verilməlidir. Bu, həm insanların işə daha keyfiyyətli yanaşması, həm də ümumi əmək məhsuldarlığı baxımından olduqca faydalıdır.
Hazırda Bakının tıxac probleminin həlli doğrudan da çətindir. Avtobusların hərəkəti və digər nəqliyyat məsələləri tənzimlənməlidir və bu istiqamətdə müəyyən işlər görülür. Amma xüsusilə dövlət qurumlarında çalışan vətəndaşların vəziyyətini yüngülləşdirmək üçün əlavə addımlar atılmalıdır”, - deyə o fikrini yekunlaşıdırıb.
