Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunda (FHN İSK) keçirilən gənclər arasında taekvondo üzrə ölkə birinciliyində oğlanlar arasında 48 kq, 59 kq, 63 kq, qızlar arasında isə 44 kq və 49 kq çəki dərəcələrində qaliblərin mükafatlandırma mərasimi baş tutub.
Trend xəbər verir ki, qalib idmançılara mükafatları Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov, gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev və ATF-in vitse-prezidenti Hikmət Səmədov təqdim ediblər.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxışında Azərbaycanda taekvondo idman növünün sürətlə inkişaf etdiyini vurğulayıb. O, Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin bu gün bir sıra idmançılarla görüşərək onları mükafatlandırdığını da diqqətə çatdırıb.
Gənclər və idman naziri Fərid Qayıbov ölkə çempionatının yüksək səviyyədə təşkil olunduğunu bildirib. Nazir qeyd edib ki, cari il Azərbaycan idmanı üçün uğurlu olub və Prezident İlham Əliyev tərəfindən idmana göstərilən dəstək bu nailiyyətlərin əsasını təşkil edir.
Yarışda paytaxt və bölgələri təmsil edən 72 klub və idman cəmiyyətindən ümumilikdə 436 taekvondoçu mübarizə aparır.
Qeyd edək ki, gənclər arasında taekvondo üzrə ölkə birinciliyinə dekabrın 27-də yekun vurulacaq.
